Putin Afrikaya bloklana bilməyən rəqəmsal valyuta sistemi təklif edib
Rusiya Prezidenti Vladimir Putin Afrikalı həmkarlarına bloklana bilməyən və müxtəlif valyutalar arasında onlayn əməliyyatlar aparmağa imkan verən rəqəmsal ödəniş sisteminə qoşulmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, Putin sistemin yüksək texnologiyalı, rahat və suveren olduğunu bildirib. Onun sözlərinə görə, sistem vasitəsilə vəsaitləri real valyutalardan rəqəmsal valyutalara və əksinə operativ şəkildə çevirmək mümkündür. Putin əməliyyatların beynəlxalq hüquqa uyğun və şəffaf həyata keçirildiyini iddia edib.
Rusiyanın maliyyə naziri Anton Siluanov Afrikaya transsərhəd ödənişlər üçün A7 sisteminin təqdim olunduğunu açıqlayıb. O, ödənişlərin bir kliklə həyata keçirildiyini və əməliyyat komissiyasının 0,3% təşkil etdiyini deyib.
İqtisadi İnkişaf naziri Maksim Oreşkin isə bildirib ki, Rusiya xarici ticarətdə dollar və avrodan asılılığını azaldıb. Onun sözlərinə görə, Rusiya bankları tərəfdaşları və bank olmayan maliyyə institutları ilə birlikdə Qərbin maliyyə sistemindən kənar beynəlxalq ödənişlər həyata keçirmək imkanına malikdir.
Oreşkin Rusiyanın bu sahədə hazırladığı həlləri digər ölkələrlə bölüşməyə hazır olduğunu vurğulayıb.
23:48 28.10.2026
Oxunuş sayı: 50