Aİ Kanada üçün “assosiativ üzvlük” təklifindən imtina edir
Avropa İttifaqı Kanadaya qurumda “assosiativ üzv” statusu təklif etmək planından geri çəkilib. Bunun əvəzinə tərəflər arasında daha sıx əməkdaşlıq qurulmasını nəzərdə tutan ifadənin birgə bəyanata daxil edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri birgə bəyanat layihəsinin son variantına istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya, Fransa və Yunanıstan da daxil olmaqla bir sıra Aİ ölkələri Kanada ilə sənəddə “assosiativ üzvlük” ifadəsinin yer almasına etiraz ediblər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə sentyabrda çıxışı zamanı Kanada üçün belə bir status təklif etmişdi.
Yeni layihədə tərəflər 2027-ci il Aİ-Kanada sammitinədək Kanadanın tam üzvlük olmadan İttifaqla daha sıx əlaqələndirilməsi konsepsiyasını müəyyənləşdirməyi öhdələrinə götürürlər.
Kanadanın baş naziri Mark Karni bildirib ki, münasibətlərin necə adlandırılmasından daha vacib olan əməkdaşlığın kanadalıların həyatına verəcəyi töhfədir.
22:26 28.10.2026
Oxunuş sayı: 43