Türkiyənin TUSAŞ şirkəti Azərbaycanla "HÜRKUŞ" təyyarələrinin tədarükü üzrə razılaşmanı tamamlayır
Türkiyənin aerokosmik sənaye şirkəti TUSAŞ Azərbaycanla HÜRKUŞ təlim-tədris təyyarələrinin tədarükü ilə bağlı müqavilənin imzalanmasının son mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bunu şirkətin baş direktoru Mehmet Dəmiroğlu "Haber Türk" telekanalında yayımlanan "Airport" proqramında açıqlayıb.
Onun sözlərinə görə, "HÜRKUŞ" təyyarəsinin modernləşdirilmiş HÜRKUŞ 2 versiyası sınaq və sertifikasiya mərhələlərini tam başa vurub, bundan sonra təyyarələrin tədarükünə başlanılıb.
"Azərbaycanla artıq demək olar ki, müqavilənin imzalanması mərhələsinə çatmışıq. Demək olar ki, kontrakt imzalanmağa hazırdır", – deyə Dəmiroğlu bildirib.
TUSAŞ rəhbəri qeyd edib ki, "HÜRKUŞ" təyyarələrinə Körfəz ölkələri, Afrika və Cənubi Amerika dövlətləri tərəfindən də yüksək maraq göstərilir.
Onun sözlərinə görə, potensial müştərilər həm təlim məqsədli, həm də silahlandırılmış versiyanın alınması imkanlarını nəzərdən keçirirlər.
Qeyd edək ki, "HÜRKUŞ" Türkiyə istehsalı olan turbovintli təlim təyyarəsidir və pilotların ilkin və qabaqcıl hazırlığı üçün nəzərdə tutulub. HÜRKUŞ-un silahlandırılmış versiyası isə yüngül hücum və yaxın hava dəstəyi missiyalarında istifadə oluna bilir.
14:07 27.07.2026
Oxunuş sayı: 48