ABŞ onlarla ölkəyə qarşı gömrük rüsumları tətbiq edib
ABŞ Prezidenti Donald Tramp məcburi əməyin tətbiqinə qarşı mübarizə məqsədilə 60 ölkədən idxal olunan məhsullara ikirəqəmli gömrük rüsumları tətbiq edib.
Crossmedia.az xəbər verir ki, "The Hill" bu barədə məlumat yayıb.
Məlumata görə, bunu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir açıqlayıb. Onun sözlərinə görə, yeni tariflər ABŞ idxalının 99,4 faizini əhatə edəcək və Vaşinqtonun əsas ticarət tərəfdaşlarına şamil olunacaq.
Qrir bildirib ki, bu addım ABŞ administrasiyasının qlobal təchizat zəncirində məcburi əməyin aradan qaldırılması istiqamətində ticarət tərəfdaşlarını təşviq etmək siyasətinin tərkib hissəsidir.
Qərara əsasən, məcburi əməklə istehsal olunan malların idxalına qadağa tətbiq etməyi və bu qadağanı icra etməyi öhdəsinə götürən ölkələrə, o cümlədən Kanada, Avropa İttifaqı, Hindistan və Böyük Britaniyaya 10 faiz gömrük rüsumu tətbiq ediləcək.
Belə qadağa tətbiq etməyən ölkələrə, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya və digər dövlətlərə isə 12,5 faiz tarif şamil olunacaq.
10:30 24.07.2026
Oxunuş sayı: 48