125 ildir heç bir ölkənin sahib çıxmadığı torpaq: "Bir Tawil"in sirri
Misirlə Sudan arasında yerləşən "Bir Tawil" adlı 2 060 kvadratkilometrlik səhra ərazisi dünyada heç bir dövlətin rəsmi şəkildə iddia etmədiyi nadir torpaq sahələrindən biri hesab olunur.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Məlumata görə, "Bir Tawil" beynəlxalq hüquqda "terra nullius" – yəni sahibsiz torpaq kimi tanınır. Antarktida istisna olmaqla, bu ərazi üzərində heç bir dövlət suverenlik iddiası irəli sürmür.
Bu qeyri-adi vəziyyətin əsası 1899-cu ildə Böyük Britaniyanın Misirlə Sudan arasında sərhədi 22-ci paralel üzrə müəyyən etməsi ilə qoyulub. Həmin xəritəyə əsasən "Bir Tawil" Sudan ərazisinə daxil edilsə də, Qırmızı dəniz sahilində yerləşən strateji və resurslarla zəngin "Halaib Üçbucağı" Misirə verilmişdi.
Lakin 1902-ci ildə britaniyalılar yerli qəbilələrin məskunlaşmasını və su mənbələrini nəzərə alaraq yeni inzibati sərhəd müəyyən etdilər. Bu dəfə "Bir Tawail" Misirin, "Halaib Üçbucağı" isə Sudanın idarəçiliyinə verildi.
Hazırda Misir 1899-cu il sərhədini, Sudan isə 1902-ci il inzibati xəritəsini hüquqi əsas kimi qəbul edir. Maraqlıdır ki, tərəflərdən hər hansı biri "Bir Tawail" üzərində hüquq iddia etsə, bu, avtomatik olaraq "Halaib Üçbucağı" üzərindəki iddiasından imtina etməsi anlamına gələcək. Məhz buna görə hər iki ölkə bu səhra ərazisini rədd edir.
Sahibsiz ərazi zaman-zaman macəra həvəskarlarının da diqqətini çəkib. Belə ki, 2014-cü ildə ABŞ vətəndaşı bölgəyə gələrək öz bayrağını sancıb və "Şimali Sudan Krallığı" adlı dövlət yaratdığını elan edib. Lakin bu addım beynəlxalq hüquq baxımından heç bir hüquqi qüvvəyə malik deyil.
Beləliklə, "Bir Tawail" artıq 125 ildən çoxdur ki, dünya diplomatiyasının həll olunmamış paradokslarından biri olaraq heç bir dövlətə məxsus olmayan torpaq sahəsi statusunu qoruyub saxlayır.
08:01 24.07.2026
Oxunuş sayı: 58