Moskvaya 400-dən çox PUA ilə hücum edilib
Moskva meri Sergey Sobyanin paytaxt və ətraf bölgələrə 400-dən çox pilotsuz uçuş aparatının (PUA) hücum etdiyini açıqlayıb. Hücumdan sonra logistika mərkəzlərində, neft bazasında və sənaye parkında yanğınlar baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
Məlumata görə, hücumdan sonra "Wildberries" şirkətinin ən iri logistika mərkəzlərindən birində, həmçinin neft bazasında və sənaye parkında yanğın baş verib.
Bildirilib ki, sənaye parkına hücum nəticəsində mina-partlayış xəsarətləri alan altı nəfər Domodedovo şəhər xəstəxanasına çatdırılıb.
Həmçinin Podolsk şəhərinin Koledino qəsəbəsində yerləşən "Wildberries" logistika mərkəzinin də pilotsuz uçuş aparatlarının hədəfinə çevrildiyi, burada əməkdaşların təxliyəsinə başlanıldığı qeyd olunur.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yanğın geniş ərazini əhatə edib. Bəzi məlumatlara görə, eyni vaxtda "Wildberries" şirkətinə məxsus iki logistika bazasına hücum edilib. Bu məlumatlarla bağlı hələlik rəsmi təsdiq verilməyib.
09:17 20.07.2026
Oxunuş sayı: 59