Rusiya Təhlükəsizlik Şurası: Mülki infrastruktura hücumlar ümidsizliyin göstəricisidir
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov Rusiyanın rəqiblərinin hərbi qarşıdurmada istədikləri nəticəni əldə edə bilmədikləri üçün mülki infrastrukturu hədəfə aldıqlarını iddia edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "TASS" agentliyinə müsahibəsində danışıb.
Kokovun sözlərinə görə, Rusiyaya strateji məğlubiyyət yaşatmaq cəhdləri uğursuzluğa düçar olub və bu, hər keçən gün daha aydın görünür.
"Birbaşa hərbi qarşıdurma istənilən nəticəni vermədiyi üçün rəqiblər mülki infrastruktura hücumlara əl atırlar. Bu, güc deyil, ümidsizliyin təzahürüdür", – deyə o bildirib.
Yuri Kokov həmçinin iddia edib ki, Rusiyanın rəqibləri millətlərarası və dinlərarası ziddiyyətləri qızışdırmaq, cəmiyyətdə parçalanma və sabitliyi pozmaq, qanuni hakimiyyətin dəyişdirilməsinə cəhd göstərmək, xüsusilə gəncləri radikal qruplara cəlb etmək, iqtisadi çətinliklərdən istifadə etmək, təxribat xarakterli informasiya yaymaq, ictimai rəyi manipulyasiya etmək və dövlət orqanlarını nüfuzdan salmaq kimi üsullardan daha fəal istifadə edirlər.
10:06 16.07.2026
Oxunuş sayı: 52