Ermənistan sakini Paşinyanı məhkəməyə verdi – 6 milyonluq təzminat tələb edir
Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifətə səs verən seçicilərlə bağlı səsləndirdiyi fikirlər növbəti məhkəmə iddiasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Aysor" nəşri məlumat yayıb.
Məlumata görə, Ermənistan vətəndaşı Lusine Avaqyan Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb. O, baş nazirin 11 iyun 2026-cı il tarixli mətbuat konfransında səsləndirdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının səslərinin 100 faizinin "təbii", digər siyasi qüvvələrin səslərinin isə 100 faizinin seçici satın alınması hesabına əldə edildiyi barədə bəyanatının həqiqətə uyğun olmadığının tanınmasını tələb edir.
İddiaçı bildirir ki, müxalifətə səs verən vətəndaş kimi bu açıqlama onun şərəf və ləyaqətinə xələl gətirib. O, məhkəmədən Paşinyanın qərar qüvvəyə mindikdən sonra beş iş günü ərzində bütün KİV üçün əlçatan formada bəyanatını təkzib etməsini və ictimai şəkildə üzr istəməsini tələb edir.
Bundan əlavə, Lusine Avaqyan baş nazirdən böhtan və təhqirə görə 6 milyon dram məbləğində təzminat ödənilməsini istəyir.
Məlumata görə, iddia Yerevan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Naira Avetisyanın icraatına verilib.
Xatırladaq ki, daha əvvəl arxiyepiskop Baqrat Qalstanyan da Nikol Paşinyana qarşı analoji iddia qaldıraraq onun şərəf və işgüzar nüfuzuna xələl gətirən məlumatları təkzib etməsini tələb etmişdi.
19:02 12.07.2026
Oxunuş sayı: 65