ABŞ fermerləri sağ qalmaq uğrunda mübarizə aparırlar
ABŞ-də kənd təsərrüfatı istehsalçıları İran ətrafındakı münaqişənin yaratdığı yanacaq bahalaşması və gübrə tədarükündəki problemlər səbəbindən artan xərclərlə üzləşiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝CBS News˝ məlumat yayıb.
Məlumata görə, Luiziana ştatında kənd təsərrüfatı aviasiya pilotu Rid Kihi hava ilə sahələri dərmanlayan təyyarələr üçün istifadə olunan Jet-A aviasiya yanacağına görə xeyli artıq ödəniş edir. Fevral ayında bir qallon yanacağın qiyməti 2,46 dollar olduğu halda, mayda 4,11 dollara yüksəlib. Hazırda qiymət təxminən 3,18 dollar olsa da, yenidən artım müşahidə olunur.
Fermerlər üçün digər ciddi problem isə azot gübrəsi olan karbamidin (sidik cövhəri) bahalaşmasıdır. Luizianalı fermerlər Devid və Tereza Gerrero bildiriblər ki, qiymət artımı gübrə üçün ayrılmış büdcəni tamamilə tükədib və təsərrüfatın xərcləri planlaşdırılandan 120–130 min dollar çox olub.
Mütəxəssislər qeyd edirlər ki, dünya karbamid ixracının təxminən yarısı Fars körfəzi ölkələrinin payına düşür. Hörmüz boğazında gəmiçiliyin pozulması isə həm neft, həm də gübrə tədarük zəncirinə mənfi təsir göstərib.
Amerika Fermer Büroları Federasiyasının məlumatına əsasən, ötən il ABŞ-da fermer təsərrüfatlarının iflaslarının sayı 2024-cü illə müqayisədə 46 faiz artıb.
Rid Kihi əlavə xərcləri tam şəkildə fermerlərin üzərinə qoymaq istəmədiyini bildirərək, "Hazırda bu, sağ qalmaq uğrunda mübarizədir. Fermerlər işləyə bilməsələr, mən də işləyə bilməyəcəyəm", – deyə vurğulayıb.
15:30 12.07.2026
Oxunuş sayı: 58