Türkün dəyərlərinə xəncər saplayanlar!
Əziz, tez-tez yönünü sağa-sola çevirən, adını “Turancı”, “Türkçü” qoyanlar!
İlk fürsətdə Türk milliyyətçiliyinə, Türkün dəyərlərinə xəncər saplayanlar!
Nə olar, icazə verin, məfkurəmizin təmsilçiliyini davam etdirənlər, davamızın yenilməzliyini qoruyanlar, bu yol uğrunda məşəqqət çəkməyi gözə alanlar həmin məhrumiyyətləri yaşasınlar.
Siz bu məfkurədən nə umursunuz?
Sizə bu yoldan nə düşəcəyini deyim: bu yolda çətinlik var, cibin boş qalması var, yoxsulluq var, məhrumiyyət var. Bəzən haqq bildiyin yolda tək qalmaq, anlaşılmamaq, zəhmətinin qarşılığını görməmək var. Var-dövlətini deyil, mənliyini qorumaq; rahatlığını deyil, əqidəni seçmək var.
Türk milliyyətçiliyi bir ad, bir şüar, bir libas deyil. O, vicdan yüküdür, əxlaq məsuliyyətidir, mənəvi imtahandır. Türkün dəyərlərini dilə gətirmək asandır, o dəyərlərin məsuliyyətini daşımaq isə hər kəsin işi deyil. Çünki bu yol insandan yalnız söz deyil, sədaqət; yalnız iddia deyil, əməl; yalnız mənsubiyyət deyil, fədakarlıq tələb edir.
İcazə verin , bu məhrumiyyətləri Türkün dəyərlərini qoruyanlar yaşasın!
Qoyun, bu yükü çiyinlərində daşıya bilənlər daşısın, bu davanın ağrısını qəlbində duya bilənlər duysun. Biz bu yolun çətinliyindən şikayət etmirik. Çünki hər məfkurənin bir bədəli, hər əqidənin bir imtahanı var. Bizim üçün əsas məsələ bu bədənin ağırlığı deyil, o yükün qarşısında mənəvi əyilməzliyimizi qorumaqdır.
Amma sizdən bir istəyimiz var: Türkün adını özünüzə sipər etməyin!
İlk fürsətdə rolunuzu sağa-sola çevirib Türk milliyyətçiliyinə, Türkün dəyərlərinə xəncər saplayarkən bu məfkurənin təmsilçisi olduğunuzu iddia etməyin. Çünki insanın dilində daşıdığı dəyərlərlə həyatında yaşatdığı dəyərlər arasında uçurum varsa, ən ağır hökmü elə öz vicdanı verir.
“Türkçülük” mənfəətə bağlanacaq bir ad deyil, ömrə yüklənəcək bir məsuliyyətdir. “Turançılıq” məqam, şöhrət və qazanc axtarışının adı deyil. Bu məfkurə özündən keçməyi, nəfsinə qalib gəlməyi, haqq bildiyin dəyərlərə sədaqət göstərməyi tələb edir.
Biz bu yolun məhrumiyyətlərini yaşamağa razıyıq. Cibimiz boş qala bilər, süfrəmiz kasad ola bilər, yolumuz çətinləşə bilər. Amma bir şeyi itirməməyə çalışırıq: Türkün dəyərlərinə sədaqətimizi, əqidəmizin ləyaqətini, vicdanımızın səsini.
izin verin , Türkün dəyərlərini qorumağın bədəlini ödəyək, məhrumiyyətini biz çəkək!
Siz heç olmasa bu dəyərlərin adını öz mənfəətinizə qurban verməyin.
Çünki məfkurənin böyüklüyü onu dilə gətirənlərin çoxluğu ilə deyil, onun uğrunda səssizcə yük daşıyanların sədaqəti ilə ölçülür. Bəzən bir insanın ömrü boyu daşıdığı vicdan yükü min şüardan ağırdır. Bəzən heç kimin görmədiyi bir fədakarlıq min gurultulu bəyanatdan daha mənalıdır.
Bizim davamız da elə budur: adımızın deyil, əqidəmizin; mənfəətimizin deyil, məfkurəmizin; rahatlığımızın deyil, Türkün dəyərlərinin arxasında dayanmaq!
Mübariz Yunus
09:10 22.10.2026
Oxunuş sayı: 49