Rusiyada silah-sursat zavodu hücuma məruz qalıb
Rusiyanın Moskva vilayətinin Serpuxov şəhərində yerləşən “75 Arsenal” hərbi müəssisəsinin ərazisində partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, “ASTRA” nəşri açıq mənbələr əsasında apardığı (OSINT) təhlilə istinadən bu barədə məlumat yayıb.
Nəşrin mütəxəssisi yayılan videogörüntüləri təhlil edərək partlayışın Rusiya Müdafiə Nazirliyinə məxsus 42708 saylı hərbi hissənin ərazisində baş verdiyini müəyyənləşdirib.
Serpuxov sakinləri də yerli sosial şəbəkə qruplarında pilotsuz uçuş aparatlarının, ardınca isə raketlərin uçuşundan sonra güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Şahidlərin sözlərinə görə, azı üç raket müşahidə olunub.
Moskva şosesi, 64A ünvanında yerləşən “75 Arsenal” müəssisəsi 1949-cu ildə yaradılıb. Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinə (GRAU) tabe olan zavod silah və sursat istehsalı, həmçinin hərbi texnikanın və artilleriya sistemlərinin təmiri ilə məşğuldur.
Moskva meri Sergey Sobyanin bildirib ki, oktyabrın 21-i saat 20:30-dan oktyabrın 22-si saat 04:00-dək Moskva bölgəsi istiqamətində 630 pilotsuz uçuş aparatı hərəkət edib.
Onun sözlərinə görə, dronların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafədə məhv edilib, daha 163 PUA isə Moskvaya yaxınlaşarkən vurulub.
Sobyanin əlavə edib ki, Yeni Moskvanın Voronovo ərazisində iki nəfər xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilir.
“75 Arsenal” müəssisəsinə hücumun nəticələri və mümkün dağıntılarla bağlı hələlik rəsmi məlumat yoxdu
09:48 22.10.2026
Oxunuş sayı: 58