Litva Avropa Komissiyasından 1,06 milyard avro istəyib
Litva müdafiə xərclərinin maliyyələşdirilməsi üçün Avropa Komissiyasına SAFE proqramı çərçivəsində 1,06 milyard avroluq ilk kredit müraciətini təqdim edib.
Crossmedia.az xəbər verir ki, Litvanın Maliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Müraciət təsdiqlənərsə, Litva iyun ayında aldığı ilkin ödənişlə birlikdə proqram çərçivəsində ümumilikdə 1,86 milyard avro əldə edəcək. Bu məbləğ ölkəyə ayrılmış 6,375 milyard avroluq kreditin 29 faizini təşkil edir.
Maliyyə naziri Taurimas Valisin sözlərinə görə, SAFE proqramı milli təhlükəsizliyə böyük həcmdə investisiya yatırmağa və dövlətin borclanma xərclərini azaltmağa imkan verir.
Təqdim edilən 1,06 milyard avrodan 160 milyon avro iyun ayında verilmiş 956 milyon avroluq ilkin ödəniş nəzərə alınmaqla çıxılacaq. Nəticədə Litvaya faktiki olaraq təxminən 905 milyon avro köçürüləcək. Vəsait daha əvvəl alınmış döyüş sistemləri və digər hərbi avadanlıqların ödənişinə yönəldiləcək. Pulun təxminən iki ay ərzində ölkəyə çatması gözlənilir.
İlkin ödənişdən sonrakı digər köçürmələr isə müəyyən mərhələlərin yerinə yetirilməsindən asılı olacaq. Bunlara tenderin elan edilməsi, müqavilənin imzalanması, istehsalçıya avansın ödənilməsi və hərbi texnikanın təhvil alınması daxildir. Müraciətlər Litvanın Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır.
Litva SAFE proqramından əldə ediləcək vəsaiti quru qoşunları diviziyasının formalaşdırılmasına, Baltik müdafiə xəttinin yaradılmasına, hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, sursat və hərbi texnikanın alınmasına, eləcə də ordunun modernləşdirilməsi üzrə digər layihələrə yönəltməyi planlaşdırır.
Qiymətləndirmələrə görə, bu maliyyə mexanizmi Litvanın milli diviziyasını inkişaf etdirmək üçün ehtiyac duyduğu vəsaitin təxminən yarısını qarşılaya bilər.
23:07 21.10.2026
Oxunuş sayı: 44