Rusiya agentləri Yaponiyadan raket və PUA-lar üçün komponentlər əldə edir
Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (GRU) əməkdaşları uzun illərdir ki, Yaponiyada diplomat və iş adamı adı altında fəaliyyət göstərərək raket və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan ikili təyinatlı texnologiyaları əldə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.
Məlumata görə, GRU əməkdaşları vasitəçi şirkətlərdən istifadə etməklə Yaponiyada istehsal olunan komponentləri satın alır, daha sonra isə həmin məhsullar üçüncü ölkələr üzərindən Rusiyaya çatdırılır.
Nəşrin iddiasına əsasən, Ukraynaya qarşı istifadə edilən Rusiya raket və pilotsuz uçuş aparatlarının təxminən 90 faizində Yaponiya istehsalı olan komponentlər mövcuddur. Bildirilir ki, bu cür detallar Rusiyanın X-101 qanadlı raketində də aşkar edilib.
NYT həmçinin qeyd edir ki, GRU-ya məxsus olduğu ehtimal edilən şəbəkənin ofisi Yaponiya Milli Polis Agentliyinin qərargahından cəmi 10 dəqiqəlik məsafədə yerləşir. Məqalədə vurğulanır ki, əks-kəşfiyyat sahəsində qanunvericiliyin zəif olması səbəbindən Yaponiya bəzən “casuslar üçün cənnət” kimi xarakterizə olunur.
19:40 12.07.2026
Oxunuş sayı: 63