KİV: Ukrayna ballistik raketlər qarşısında hələ də müdafiəsizdir
Ukrayna müasir, effektiv və nisbətən ucuz silahların, xüsusilə müxtəlif növ pilotsuz uçuş aparatlarının kütləvi istehsalını qısa müddətdə təşkil etsə də, Rusiyanın ballistik raket zərbələri qarşısında hələ də ciddi çətinliklərlə üzləşir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝El Pais˝ nəşri yazır.
Məlumata görə, iyulun 2-də və 6-da Kiyevə həyata keçirilən iki irimiqyaslı hücum zamanı istifadə olunan 53 ballistik raketin 49-u hədəfə çatıb. Bu isə təxminən 92 faiz uğur göstəricisi deməkdir. Xüsusilə iyulun 6-da buraxılan 29 ballistik raketin heç biri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməyib.
Nəşrin məlumatına əsasən, son bir həftə ərzində Ukrayna ərazisinə təxminən 2200 zərbə dronu, 1730-dan çox idarə olunan aviasiya bombası və 106 raket atılıb. Kiyevin hava hücumundan müdafiə sistemləri dronların təxminən 90 faizini məhv etsə də, ballistik raketlərə qarşı effektiv müdafiə vasitələrinə ehtiyacın davam etdiyi vurğulanır.
Ekspertlərin fikrincə, bu problemin yaxın zamanda həlli mümkün görünmür. Əsas səbəb isə ballistik raketlərə qarşı ən effektiv vasitələrdən sayılan ABŞ istehsalı Patriot hava hücumundan müdafiə sistemlərinin əldə edilməsində yaşanan çətinliklərdir.
Ukrayna xüsusilə PAC-2 və PAC-3 raketlərinə maraq göstərir. Ballistik raketlərin məhv edilməsi üçün daha uyğun hesab olunan PAC-3 raketinin qiyməti təxminən 4 milyon ABŞ dolları, tam Patriot batareyasının dəyəri isə 1 milyard dollara yaxındır. Bundan əlavə, bu sistemlərə dünya üzrə yüksək tələbat da tədarükü çətinləşdirir.
Razumkov Mərkəzinin direktoru Aleksey Melnik bildirib ki, ABŞ sənayesi hazırda mövcud ehtiyacı ödəyəcək sayda Patriot raketi istehsal edə bilmir və Ukrayna prioritet ölkələr sırasında deyil. Onun sözlərinə görə, Patriot texnologiyası Kiyevə verilsə belə, ölkənin bu silahları istehsal etməsi üçün ən azı altı ay vaxt tələb olunacaq.
Melnik hesab edir ki, problemin həlli yalnız Patriot sistemlərinin verilməsi ilə məhdudlaşmamalı, həm də Tomahawk kimi uzaqmənzilli raketlərin və ya analoji silahların tədarükünü əhatə etməlidir. Onun fikrincə, bu cür silahlar Rusiyanın kütləvi raket hücumları imkanlarını məhdudlaşdıra bilər.
˝Ejercitos˝ hərbi-siyasi jurnalının redaktoru Kristian D. Villanueva isə bildirib ki, Patriot sistemlərinin istehsalı hazırkı müharibə şəraitində tələb olunan həcmdən xeyli aşağıdır. Onun sözlərinə görə, məsələ yalnız raketlərin deyil, həm də radarlar, buraxılış qurğuları, nəqliyyat vasitələri, istehsal xətləri və ixrac lisenziyaları kimi komponentlərin çatışmazlığı ilə bağlıdır.
Villanueva qeyd edib ki, Avropa maliyyə ayırsa belə, Patriot sistemlərinin tədarükü ABŞ-nin ixrac qaydaları və siyasi qərarlarından asılıdır. Buna görə də prosesin aylarla davam edəcəyi gözlənilir.
Xatırladaq ki, iyulun 11-nə keçən gecə Rusiyanın Kiyevə hücumu zamanı buraxılan altı İskəndər-M/S-400 tipli ballistik raketin heç biri Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulmayıb.
BMT isə son aylarda Rusiyanın hücumları nəticəsində mülki əhali arasında itkilərin 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını bildirib. Təşkilatın ilkin məlumatına görə, təkcə iyun ayında 265 nəfər həlak olub, 1816 nəfər yaralanıb.
13:56 12.07.2026
Oxunuş sayı: 69