Azərbaycan üçün təhlükəli tendensiya: Doğuş sayı niyə azalır?
Azərbaycanda doğulan körpələrin sayı ildən-ilə azalır və statistika artıq bu tendensiyanın təsadüfi olmadığını göstərir. Rəsmi rəqəmlər demoqrafik mənzərənin dəyişdiyini, ölkədə doğum tempinin zəiflədiyini ortaya qoyur. Təkcə son bir ildə doğum sayında on min nəfərdən çox azalma qeydə alınıb ki, bu da gələcəkdə əhalinin yaş strukturuna, əmək bazarına və sosial sahəyə təsir göstərə biləcək mühüm siqnallardan biri hesab olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–may aylarında ölkədə 38 min 836 uşaq dünyaya gəldiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 28 min 631-ə düşüb. Başqa sözlə, cəmi bir il ərzində doğulan körpələrin sayı 10 min 205 nəfər və ya təxminən 26 faiz azalıb. Eyni zamanda, hər 1000 nəfərə düşən doğum əmsalı da 9,2-dən 8,5-ə enib.

Milli Məclisin deputatı Elnarə Akimova bu barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, doğum səviyyəsinin azalması bu gün dünyanın bir çox ölkəsinin üzləşdiyi ciddi demoqrafik problemdir:
"Əlbəttə ki, bu statistika diqqətlə təhlil olunmalı və dövlətin sosial siyasətində yeni yanaşmaların tətbiqini zəruri edən siqnaldır. Çünki güclü dövlətin ən böyük sərvəti onun insan kapitalıdır. Son illər Azərbaycan dövləti gənc ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Minimum əməkhaqqı və pensiyalar dəfələrlə artırılıb, sosial müavinətlər və şəhid ailələri, qazilər, aztəminatlı ailələr üçün dəstək paketləri genişləndirilib. İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə güzəştli ipoteka mexanizmi inkişaf etdirilib, sosial mənzillərin tikintisi sürətləndirilib, regionlarda məşğulluq proqramları genişləndirilib, uşaq bağçalarının və təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Bütün bunlar gənc ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən ardıcıl sosial siyasətin tərkib hissəsidir. Bununla yanaşı, dəyişən demoqrafik reallıq yeni qərarların qəbulunu da aktuallaşdırır. Gənc ailələrin mənzil təminatının daha da yaxşılaşdırılması, güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilk mənzil alan ailələr üçün əlavə dövlət dəstəyi mexanizmlərinin tətbiqi, uşaqlı ailələr üçün vergi və sosial təşviqlərin artırılması kimi təşəbbüslər daim müzakirə olunan məsələlər sırasındadır".
Deputat əlavə edib ki, dövlət bu istiqamətdə cəmiyyətin gözləntilərini və iqtisadi imkanları nəzərə alaraq addımlar atır və gələcəkdə də sosial siyasətin daha da gücləndirilməsi istisna deyil:
"Dünya təcrübəsi də göstərir ki, doğum səviyyəsini yüksəltmək üçün yalnız birdəfəlik müavinətlər kifayət etmir. Məsələn, Macarıstanda çoxuşaqlı ailələr üçün vergi güzəştləri və uzunmüddətli mənzil dəstəyi tətbiq olunur. Fransada ailələrə uşaq sayına uyğun sosial ödənişlər və geniş məktəbəqədər xidmətlər təqdim edilir. Skandinaviya ölkələrində isə ödənişli valideyn məzuniyyəti, keyfiyyətli uşaq baxımı və çevik məşğulluq imkanları ailələrin daha rahat qərar verməsinə şərait yaradır. Bu nümunələr göstərir ki, mənzil, məşğulluq, gəlir sabitliyi və sosial təminat bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirildikdə nəticələr daha uğurlu olur. Hesab edirəm ki, Azərbaycan da öz milli xüsusiyyətlərini və iqtisadi imkanlarını nəzərə alaraq bu istiqamətdə siyasətini davam etdirəcək. Gənc ailələrin mənzilə çıxış imkanlarının genişləndirilməsi, sosial təminatın gücləndirilməsi və ailə institutunun daha da möhkəmləndirilməsi doğum səviyyəsinin sabitləşməsinə mühüm töhfə verə bilər. Güclü ailə güclü cəmiyyət, güclü cəmiyyət isə güclü dövlət deməkdir. Dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas məqsədi də məhz vətəndaşın rifahını yüksəltmək və Azərbaycanın demoqrafik inkişafını uzunmüddətli perspektivdə etibarlı şəkildə təmin etməkdir".

Sosioloq Elçin Bayramlı bu prosesin qlobal tendensiya olduğunu deyib:
"Dünyanın bir çox yerində evliliklərin, uşaq sayının azalması və əhalinin ümumi yaşlanması müşahidə olunur. Əhali strukturunda uşaqların və gənclərin payı azalır. Bizdə də son dövrlər bu tendensiya davam edir. Son 30-40 ildə uşaq doğumu 3 dəfə aşağı düşüb. Digər dolayı təsirlər də var. Məsələn, boşanmaların artması 50 faizə çatıb. Bu, rekord rəqəmdir. Eyni zamanda, son 10 ildə evlənmələr 40 faiz azalıb. Bunların hamısı ümumi genofonda ciddi şəkildə təsir göstərir".
Sosioloq mövcud səbəblərə də toxunub:
"Bəzi şəxslər yalnız sosial-maddi səbəbləri qeyd edir, amma bu, belə deyil. Burada iki fərqli səbəb var. Biri sosial səbəblər – maddi-iqtisadi vəziyyət, digəri isə mənəvi deqradasiyadır. Çünki biz struktura baxanda görürük ki, həm boşanmalarda, həm uşaq sayının az olmasında, həm də evliliklərin azalmasında maddi cəhətdən imkanlı təbəqə də az deyil. Belə çıxır ki, hər şey təkcə sosial-maddi vəziyyətlə bağlı deyil. Maddi imkanı yüksək olanlar belə az uşaqla kifayətlənir. Bir tərəfdən, dünyada tətbiq olunan yeni həyat tərzinin populyarlaşması prosesi gedir. Gənclərə təbliğ olunur ki, ancaq öz həyatınız üçün yaşayın, evlənməyin, uşaq dünyaya gətirməyin, öz pulunuzu özünüzə, öz əyləncənizə xərcləyin. Belə bir eqoist psixologiya formalaşdırılır. Bu, əsasən normal təminatlı təbəqə arasında müşahidə olunur. Onların evlənmək, dünyaya uşaq gətirmək üçün maddi problemi yoxdur. Əksinə, çox yaxşı vəziyyətləri var. Amma yenə də ya evlənmirlər, ya da evlənəndə bir uşaqla kifayətlənirlər. Bu, mənəvi səbəblə bağlıdır, sosial-maddi səbəb yoxdur. Digər təbəqə isə aztəminatlı təbəqədir. Onlar artıq sosial-maddi vəziyyətlə bağlı bu problemlə qarşılaşırlar. Belə ki, gənclərin evlənməsi üçün ev problemi, mənzil alma problemi var. Bu, həddən artıq çətindir və bahadır. Toy xərcləri həddindən artıq yüksəkdir. Dünyaya uşaq gətirmək və onu saxlamaq xərcləri də həddindən artıq yüksəkdir. Ona görə də bir, maksimum iki uşaqla kifayətlənirlər".
Müsahibimiz vurğulayıb ki, bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməlidir:
"Mənəvi deqradasiyanın qarşısı alınmalıdır. Milli-mənəvi dəyərlərimiz qorunmalıdır. "Müasir təbliğata" son qoyulmalıdır. Gənclərimizə öz dəyərlərimiz, ailə mədəniyyətimiz əsasında təbliğat aparmalıyıq. Məsələn, son vaxtlar gec evlənmə təbliğ olunur. Halbuki normal bioloji sistem pozulur. Gənclər 20 yaş civarında evlənməlidir. Bu, minillərdir belə olub və normal qayda da budur. İndi isə Azərbaycanda orta evlənmə yaşı 30-u keçib. Bu, çox yüksək göstəricidir. Bu, o deməkdir ki, bir çoxları 35-40 yaşında evlənir və orta göstərici 30 alınır. Bu da mənzərəyə çox ciddi təsir göstərir. Bu cür mənəvi təbliğatlar dayandırılmalıdır. Minillərlə davam etmiş ənənəvi sistemimiz bərpa olunmalıdır. Bunun üçün dövlət televiziyalarda və internetdə milli-mənəvi dəyərlərin əleyhinə aparılan təbliğatı dayandırmalı, bu şəxsləri cəzalandırmalıdır. Uşaqlara həm ailədə, həm məktəbdə, həm də kütləvi informasiya vasitələri ilə öz dəyərlərimizi təbliğ etməliyik. İkinci tərəf isə sosial dəstək paketləridir. Dövlət müəyyən sosial yardımlar və güzəştlərlə bu məsələləri tənzimləyə bilər. Məsələn, bəzi ölkələrdə yeni evlənənlərə dövlət tərəfindən müəyyən məbləğdə hədiyyə verilir. Onların sosial ev almasına uzunmüddətli, güzəştli, hətta faizsiz kreditlərlə dəstək göstərilir. Uşaq doğumuna görə birdəfəlik maddi yardım şəklində, məsələn, 10 min, 15 min, 20 min manat məbləğində vəsait verilir. Bizdə isə, səhv etmirəmsə, bu məbləğ 500-600 manatdır. Bu, çox azdır. Bundan əlavə, aylıq uşaq pulu, demək olar ki, əksər ölkələrdə tətbiq olunur. Təxminən 200, 300, 500, 600 manat civarında olur. Bizdə də bunu tətbiq etmək olar. Heç olmasa, hər uşağa başlanğıc üçün ayda 100 manat uşaq pulu tətbiq etmək olar. Birdəfəlik analıq ödənişini də, hazırda 500-600 manatdır, haradasa 5 min manata qaldırmaq lazımdır. Əlavə olaraq başqa tədbirlər də var. Məsələn, əvvəllər Sovet dövründə subaylığa görə əlavə vergi alınırdı, yəni evlənməməyə görə. Bizdə də indi belə bir şeyi tətbiq etmək olar. Eyni zamanda, uşaq sayı artdıqca vergi güzəştləri tətbiq oluna, maaşdan tutulmalar azaldıla bilər. Müxtəlif başqa güzəştlər verilə bilər, uşaqların təhsilində və digər sahələrdə ailələrə güzəştlər tətbiq oluna bilər. Həmçinin, çoxuşaqlı ailələrə dəstək artırılmalıdır. Məsələn, bizdə indi 6 uşaqlı ailə çoxuşaqlı hesab olunur. Halbuki 6 uşaqlı ailə demək olar ki, yoxdur. Bunu 3 uşağa endirmək lazımdır. Hazırda faktiki olaraq 3 uşaqlı ailə çoxuşaqlı ailə sayılır. Həmin güzəştləri də 3 uşaqlı ailələrə tətbiq etmək lazımdır".
E.Bayramlı hesab edir ki, çoxuşaqlı ailələrə əlavə yardımlar olunmalıdır:
"Özünüməşğulluq proqramı çərçivəsində bu ailələrə üstünlük verilməlidir. Onlara iş qurmaq, biznes yaratmaq üçün dəstək göstərilməlidir. Bir çox ölkələr məhz belə güzəşt və sosial dəstək paketləri vasitəsilə bu məsələləri həll edirlər. Bizdə də artıq kritik vəziyyət yaranıb. Rəsmi statistika özü göstərir ki, çox sürətlə genofondumuzda ciddi problem yaranır. Həm uşaq doğumu azalır, həm boşanmalar çoxalır, həm də evliliklər azalır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Gənclərin və uşaqların sayı azaldıqca iqtisadiyyat üçün yük də artır. Yaşlı əhalinin sayı artdıqca əmək qabiliyyətli qüvvələrin sayı azalır, gələcəkdə işçi qıtlığı yaranacaq və dövlətin sosial yükü artacaq. Təsəvvür edin ki, daha çox adam işləməlidir, daha az adam pensiya almalıdır. Amma belə olanda bunun əksi baş verir. Gənclər azaldıqca daha az adam işləyib daha çox adamı saxlamalı olur. Bu da ölkə iqtisadiyyatına təsir edir. Bütün bunlarla bağlı iki istiqamətdə ciddi tədbirlər həyata keçirmək lazımdır. Birincisi, mənəvi deqradasiya dayandırılmalıdır, milli-mənəvi dəyərlərimiz təbliğ olunmalıdır. İkinci tərəfdən isə dövlət sosial dəstək paketləri tətbiq etməlidir. Bunlar həyata keçirilsə, biz genofondumuzu qoruya bilərik və əhalimizin normal təbii artımını təmin edə bilərik. Bu da gələcəkdə həm iqtisadi qüdrətimizi, həm sosial vəziyyətimizi, həm də genofondumuzu qorumağa imkan verər. Bu, bir növ milli təhlükəsizlik məsələsidir, strateji məsələdir. Dövlətimizin güclü olması və gələcəyi üçün bu tədbirlər indidən görülməlidir. Çünki sağlam cəmiyyət sağlam və güclü dövlət deməkdir. Bu, məlum prinsipdir. Bu istiqamətdə mütləq şəkildə böyük bir dövlət proqramı hazırlanmalı və həyata keçirilməlidir. Belə olsa, maksimum 5 il ərzində bu sahədə vəziyyəti normallaşdıra bilərik və heç bir ciddi problemlə qarşılaşmarıq".

İqtisadçı Elçin Rəşidov isə bu vəziyyətin ölkənin təkcə iqtisadi inkişafından asılı olan məsələ olmadığını deyib:
"Müxtəlif dövlətlərdə doğum sayının artması, başqa vaxtlarda isə azalması müşahidə olunub. Bu mövzunun arxasında daha çox struktur məsələlər durur. İnsanların həyata münasibəti, şəhərləşmə, urbanizasiya, qadınların işə və təhsilə cəlb olunması, ümumiyyətlə insanların təhsil alması, ailənin rolunun dəyişməsi doğum sayına təsir edən amillərdir.
Hazırda iqtisadiyyatımızda durğunluq vəziyyətidir. Adambaşına düşən gəlirlər azalır".
İqtisadçı hesab edir ki, bu azadlığına görə həyat tərzi əvvəlki həyat tərzi deyil:
" Bunu qadınların rolunun artmasında da, doğum sayının azalmasında da görürük. Bunlar iqtisadi tənəzzüllə birlikdə müşahidə olunanda, təbii ki, doğum sayına mənfi təsir edir. Bu da Azərbaycanda demoqrafik vəziyyəti dəyişir. 10 il sonra vəziyyət indiki kimi olmayacaq. Uşaqların sayını daha az, yaşlıların sayını isə faiz etibarilə daha çox görəcəyik.
Əgər ənənəvi cəmiyyət modelində insanlar istənilən halda uşaq sahibi olmaq istəyirlərsə, hətta ardıcıl uşaq dünyaya gətirib onlara əmək qüvvəsi kimi baxırlarsa, müasir sistemdə uşağın da ailədə rolu, uşağa da münasibət dəyişib. Bu baxımdan ailə başçıları gəlir səviyyəsi baxımından arxayın olduqdan sonra dünyaya uşaq gətirmək istəyirlər".
Fatimə Məmmədova
18:00 06.07.2026
Oxunuş sayı: 62