COVID şübhəsi ilə sərnişinlər təyyarədə saxlanıldı
Taylanddan Moskvaya uçan rusiyalı turistlər Şeremetyevo hava limanında COVID-19-a qarşı gücləndirilmiş yoxlamadan keçirilib və temperatur ölçülənədək təyyarədən buraxılmayıblar.
Crossmedia.az xəbər verir ki, “Shot” bu barədə məlumat yayıb.
Məlumata görə, yoxlamalar Banqkokdan Moskvaya gələn sərnişinlərə tətbiq edilib. Təyyarə Şeremetyevo hava limanına endikdən sonra sanitar-karantin nəzarəti əməkdaşları termal kamera ilə təchiz olunmuş şəkildə göyərtəyə qalxıblar.
Əməkdaşlar sərnişinlərin hərarətini ölçdükdən sonra onların təyyarədən çıxmasına icazə verilib.
2026-cı ilin əvvəlindən Taylandda COVID-19 virusuna təxminən 140 min yoluxma halının qeydə alındığı bildirilir.
Daha əvvəl COVID-19-un yayılması səbəbindən rusiyalıların Taylandda istirahət planlarının pozulacağı ilə bağlı narahatlıq yaranıb. Noyabr və dekabr aylarına tur paketləri alan bir sıra turistlərə ölkədə yoluxma hallarının çox olması səbəbindən mümkün problemlər barədə xəbərdarlıq edilib.
11:41 06.10.2026
Oxunuş sayı: 58