Aİ-də Çinlə bağlı kritik addım: Almaniya və Fransadan sərt təklif
Almaniya və Fransa Avropa İttifaqına ticarətdən təzyiq vasitəsi kimi istifadə edən ölkələrin vahid bazara çıxışını məhdudlaşdırmaq səlahiyyəti verilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Berlin və Paris bu təkliflə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə müraciət edib. Sənəddə Çin birbaşa qeyd olunmasa da, təşəbbüsün əsasən Avropanın Çin tədarükündən asılılığı və subsidiyalaşdırılan istehsalçılarla rəqabətlə bağlı olduğu bildirilir.
Təklifə əsasən, vahid bazara çıxışın məhdudlaşdırılması son çarə kimi tətbiq edilməlidir. Məsələn, kritik əhəmiyyətli nadir torpaq elementlərinin ixracının dayandırılması belə tədbirin tətbiqinə əsas yarada bilər.
Almaniya və Fransa həmçinin bütöv sahələrdə, o cümlədən kimya, plastik istehsalı və hibrid avtomobillər sektorlarında ədalətsiz rəqabətlə bağlı araşdırmaların daha sürətli aparılmasını təklif edib.
Hazırda bunlar yalnız təkliflərdir və onların qüvvəyə minməsi üçün Avropa İttifaqının müvafiq institutlarının razılığı tələb olunur.
11:54 06.10.2026
Oxunuş sayı: 56