Robotlar insanlara dözə bilmir - işi qoyub qaçırlar
Gələcəkdə robotların bir çox sahədə insan əməyini tamamilə əvəz edə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Texnologiyanın sürətli inkişafı robotların artıq səhiyyə, istehsalat, xidmət və digər sahələrdə istifadə olunmasına imkan yaradır. Lakin TikTok-da yayılan bir video bu mövzuda fərqli sualların yaranmasına səbəb olub. Görüntülərdə xəstəxanada hərəkət edən robotun ətrafda insanların çoxalmasından sonra həmin ərazidən uzaqlaşdığı görünür. Xidmət göstərməkdən yorularaq xəstəxanadan qaçır. Video istifadəçilər arasında “İnsanları əvəz edəcəyi deyilən robot özü insan sıxlığına dözə bilmir?” kimi müzakirələrə səbəb olub. Bəs bu görüntü robotların insanlarla sıx ünsiyyət və qarşılıqlı əlaqə tələb edən mühitlərdə imkanları barədə nə deyir?
Sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, robotlar artıq həyatımıza daxil olub: "Bir çox nəhəng şirkətlər işçiləri kütləvi şəkildə ixtisara salır və onların yerinə robotlar gətirir. Bu, mexaniki işlər üçündür, təbii ki. Amma əsas sual budur: "Görəsən, robotlar tamamilə insanı əvəz edə biləcəkmi? Yəni insanın bütün funksiyalarını yerinə yetirməyə qadir olacaqmı gələcəkdə? Bax, əsas sual budur. İnsan öz hissi ilə gülür, ağlayır, mərhəmət göstərir. Bax, bu xüsusiyyətlər insanın intellektinə aid olan xüsusiyyətlər deyil, emosiyasına, hisslərinə aid olan xüsusiyyətlərdir. Görəsən, robot insan kimi mərhəmət göstərə biləcək, ağlaya biləcək, kövrələ biləcək, gülə biləcək, təbəssüm edə biləcək? Bax, bunlar ciddi suallardır. Və bu suallara cavab vermək çox çətindir. Çox çətindir.Süni intellekt mütəxəssisləri belə bu suallara cavab verməkdə çətinlik çəkirlər. Bəli, robotlar bir çox sahələrə müdaxilə ediblər artıq. Dediyim kimi, böyük şirkətlər robotları insanların yerinə işə götürüblər. Amma o işlər hansı işlərdir? Mexaniki işlərdir. Məsələn, robot valideyn kimi öz övladına tərbiyə verə bilərmi? Robot bir insanın yaxınlarına, əzizlərinə etdiyi mərhəməti göstərə bilərmi? Məncə, yox. Və bu, mümkün olan bir şey deyil. Ona görə insanların varlığı vacibdir. İnsan nəsli tükənsə və yaxud xeyli azalsa, yaşam çətin olacaq.”

Sosioloq qeyd edib ki, robotların həyatımızın müxtəlif sahələrində daha geniş istifadə olunması onların gələcəkdə insan əməyini nə dərəcədə əvəz edə biləcəyi sualını gündəmdə saxlayır: "TikTok-da yayılan görüntü isə texnologiyanın imkanları ilə yanaşı, insan davranışlarının və sosial mühitin robotlar üçün yaratdığı çətinlikləri də müzakirəyə çıxarıb. Bununla belə, yalnız bir görüntüyə əsaslanaraq robotun davranışının səbəbi və texnologiyanın gələcəyi barədə konkret nəticə çıxarmaq mümkün deyil".
Fəridə Yaşarqızı
13:30 06.10.2026
Oxunuş sayı: 62