Azərbaycan sülh üçün ən çətin addımları da atıb - Sirlər açıldı
Ermənistandakı revanşist dairələr Avropa Komissiyasının sədri Ursula fon der Layenin Bakı və İrəvana səfərindən ciddi narahat olublar. Erməni mediasının yazdığına görə, yerli siyasi şərhçi Akop Badalyan hesab edir ki, Avropa İttifaqı (Aİ) Ermənistanı Azərbaycanla daha tez razılığa gəlməyə sövq etməyə çalışacaq.
Cənubi Qafqazın gələcək simasını müəyyən edən sülh arxitekturası təkcə region ölkələrinin daxili iradəsindən deyil, həm də qlobal güc mərkəzlərinin bura yönələn strateji gedişlərindən asılıdır. Avropa İttifaqının regiona artan marağı və yüksəksəviyyəli diplomatik gedişləri fonunda İrəvanda yaranan daxili narahatlıqlar sübut edir ki, artıq status-kvo dəyişib və zaman sülhün xeyrinə işləyir. İndi regionda dayanıqlı sabitliyə nail olmaq üçün ritorik bəyanatlardan daha çox, hüquqi və konstitusional müstəvidə atılacaq cəsarətli və konkret addımlara ehtiyac var. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Crossmedia.az-a açıqlama verib:

"Aİ bütövlükdə regionda sülbün bərqərar olmasında maraqlıdır. Yəni, məsələn, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında və yekun sülh müqaviləsinin imzalanmasında maraqlı olması tamamilə doğrudur. Bəzən biz Aİ-nin bu köklü maraqlarının əksinə olan davranışlara, daha doğrusu, ittifaqın müəyyən strukturlarının bu cür addımlarına da şahid oluruq. Amma bütövlükdə hesab edirəm ki, Aİ məntiqlə bölgədə sülhün tərəfdarı olmalıdır ki, nəhayət, region ölkələri ilə ittifaq arasındakı münasibətlər daha da dərinləşsin və ittifaq regionda daha fəal şəkildə təmsil olunsun.
Daha da irəli getmək üçün artıq konkret olaraq Ermənistan hökuməti addımlar atmalıdır. Yəni Azərbaycan mümkün olan, hətta icrası ən çətin görünən addımları belə atıb. İndi isə növbə Ermənistandadır; xüsusilə də Ermənistan Konstitusiyasının dəyişdirilməsi, yeni Konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atılmalıdır ki, artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və sülh prosesinin digər istiqamətlərində də biz əhəmiyyətli irəliləyişlər görə bilək".
Turqut Ansari
10:09 06.07.2026
Oxunuş sayı: 62