Fransa ilk döyüş robotları bölməsini yaratmağa hazırlaşır
Fransa ötən il başladılan Pendragon layihəsi çərçivəsində gələn ilin yayına qədər ilk döyüş robotları bölməsini təqdim etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Le Point nəşri məlumat yayıb.
Məlumata görə, bölmənin tərkibinə 10–15 yerüstü robot və təxminən 60 pilotsuz uçuş aparatı daxil olacaq. Fransa hərbçiləri Pendragon layihəsini döyüş meydanının robotlaşdırılmasının növbəti mərhələsi kimi qiymətləndirirlər.
Layihənin taktiki hissəsinə cavabdeh olan polkovnik-leytenant Kristofun sözlərinə görə, Ukraynada həyata keçirilən oxşar layihələrdən fərqli olaraq, Fransada döyüş robotları kollektiv süni intellekt sistemi tərəfindən idarə olunacaq.
Polkovnik Tibo Kapdevil bildirib ki, platformaların fəaliyyətini C2 Pendragon adlı koordinasiya sistemi idarə edir.
Yerüstü robotların çəkisi 2–3 ton təşkil edir. Onların əksəriyyəti daxiliyanma mühərriki ilə işləyən təkərli platformalardır və pulemyotlarla silahlandırılıb və ya döyüş sursatı ilə təchiz olunub.
Layihənin əsas hədəflərindən biri robotlaşdırılmış bölmənin ümumi dəyərini təxminən 10 milyon avro səviyyəsində saxlamaqdır.
18:46 05.07.2026
Oxunuş sayı: 54