Putinin ən bahalı “oyuncağı” təhlükədən qaçırılır
Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirilən, dəyəri təxminən 100 milyon funt sterlinq olan Graceful superyaxtası Ukrayna pilotsuz uçuş aparatlarının mümkün hücumları səbəbindən Avropanı tərk edərək Arktikaya doğru hərəkətə başlayıb.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" nəşrinin məlumatına görə, 82 metrlik yaxta hazırda Norveç sahilləri boyunca irəliləyərək yaxın günlərdə Rusiyanın Murmansk limanına çatmalıdır.
Məlumata əsasən, yaxta antidron toru ilə örtülüb və iki Rusiya hərbi gəmisinin müşayiəti ilə hərəkət edir. Karvana "Severomorsk" esminesi və "Voevoda" patrul-xilasetmə gəmisi daxildir.
NATO-dakı yüksəkvəzifəli mənbənin sözlərinə görə, konvoy Alyans tərəfindən izlənilir. Baltik dənizindən keçid zamanı Almaniya və Danimarka hərbi dəniz qüvvələri də gəmiləri müşahidə edib.
ABŞ hökumətinin sənədlərinə görə, Putin bu yaxtadan dəfələrlə istifadə edib. O cümlədən, 2021-ci ildə Belarus lideri Aleksandr Lukaşenko ilə Qara dənizdə səfər edib.
Nəşr yazır ki, yaxtanın köçürülməsi Ukraynanın son günlər Rusiyanın strateji hərbi-dəniz obyektlərinə, o cümlədən Kronştadt bazasına endirdiyi dron zərbələrindən sonra həyata keçirilib. Peyk görüntüləri həmin bazadakı hərbi gəmilərin sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Bundan əvvəl ABŞ Graceful yaxtasını sanksiyalar siyahısına daxil etmiş, daha sonra gəminin adı "Kosatka" olaraq dəyişdirilmişdi. Yaxta son dörd ildə ilk dəfə ictimaiyyətin diqqətinə çıxıb.
10:25 04.07.2026
Oxunuş sayı: 53