Xersonda iri quşçuluq müəssisəsi vurulub- ölən və yaralananlar var
Rusiyanın Xerson vilayətinin Çornobayevka qəsəbəsində yerləşən iri quşçuluq müəssisəsinə endirdiyi zərbə nəticəsində genişmiqyaslı yanğın baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, idarəolunan aviasiya bombaları ilə həyata keçirilən hücumdan sonra istehsal kompleksinin böyük hissəsi məhv olub. İlkin məlumatlara əsasən, müəssisəyə dəyən zərər yüz milyonlarla dollar həcmində qiymətləndirilir. Bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bununla yanaşı, Ukrayna rəsmilərinin açıqlamasına görə, Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin dörd rayonuna 50-dən çox zərbə endirib. Hücumlarda pilotsuz uçuş aparatları, artilleriya, aviasiya bombaları və raketlərdən istifadə olunduğu bildirilir.
Krivıy Riq rayonunun Sofiyivka icmasında yanacaqdoldurma məntəqəsinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Nikopol rayonunda isə iki 45 yaşlı kişinin həlak olduğu, 33 yaşlı kişi və 44 yaşlı qadının orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd edilir. Hücumlar nəticəsində supermarket, inzibati bina, kollec, yanacaqdoldurma məntəqəsi, yaşayış evləri və avtomobillərə ziyan dəyib.
Sinelnikovo rayonunda dörd nəfərin, o cümlədən iki uşağın yaralandığı bildirilir. Dnepr rayonu ərazisində isə bir neçə yaşayış məntəqəsində yanğınlar baş verib.
Bundan əvvəl Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə müşaviri Vladislav Vlasyuk açıqlamışdı ki, 2026-cı ilin əvvəlindən Kiyev və Kiyev vilayətinə qarşı həyata keçirilən kütləvi hücumlarda Rusiya ümumilikdə 6 413 zərbə vasitəsindən, o cümlədən 36 Zirkon hipersəs raketi və bir Oreşnik raketindən istifadə edib.
00:05 04.07.2026
Oxunuş sayı: 64