Ermənistanda vəkil həbs və seçki prosesləri ilə bağlı iddialar səsləndirilib
Ermənistanlı vəkil Zarui Postancyan Rusiya və ABŞ-nin Ermənistandakı səfirlərinə, eləcə də Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbərinə müraciət ünvanlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vəkil müraciətində ölkədə həbs qətimkan tədbirinin tətbiqi, seçki prosesləri və yerli özünüidarəetmə orqanları ətrafında yaranmış vəziyyətlə bağlı narahatlıqlarını ifadə edib.
Postancyanın fikrincə, Ermənistanda həbs qətimkan tədbiri istisna hal kimi deyil, ictimai-siyasi proseslərin tənzimlənməsi üçün alət kimi istifadə olunur.
O, xüsusilə Gümrü şəhərində baş verən hadisələrə və Şəhər Ağsaqqallar Şurası üzvlərinin saxlanılmasına diqqət çəkib.
Vəkil iddia edir ki, Gümrü Şəhər Ağsaqqallar Şurası ətrafında aparılan həbslər və ev dustaqlıqları qurumun kvorumunu pozmaq və növbədənkənar seçkilər üçün şərait yaratmaq məqsədi daşıya bilər. Onun sözlərinə görə, mövcud qanunvericilik bu orqanın buraxılması üçün hüquqi əsaslar nəzərdə tutmur.
Müraciətdə həmçinin qeyd olunur ki, 2026-cı il seçki prosesləri ilə əlaqədar Ermənistanda təxminən 300 nəfərin həbsdə olduğu iddia edilir. Vəkil bu məlumatların ictimaiyyət üçün kifayət qədər şəffaf təqdim olunmadığını bildirib.
Postancyan Ermənistanın cəzaçəkmə müəssisələrində şəraitin beynəlxalq standartlara uyğun olmadığını, xüsusilə doluluq, ventilyasiya və sanitar vəziyyətlə bağlı problemlərin mövcud olduğunu qeyd edib. O, bu kontekstdə Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsinin tövsiyələrinə istinad edib.
Vəkil diplomatik missiyalardan həbs şəraitinin monitorinqini aparmağı, saxlanılan şəxslərlə bağlı statistik məlumatları tələb etməyi və bu məsələlərin Ermənistan hökuməti ilə müzakirəsini xahiş edib.
Müraciət Ermənistanda məhkəmə sistemi və seçki prosesləri ətrafında müzakirələri yenidən gündəmə gətirib.
23:40 03.07.2026
Oxunuş sayı: 52