İsveç kəşfiyyatı: Putin getsə də, təhlükə bitməyəcək
Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdən getsə belə, ölkə Avropa və qonşu dövlətlər üçün təhlükə yaratmağa davam edəcək.
Crossmedia.az xəbər verir ki, bunu İsveç kəşfiyyatının direktoru Tomas Nilson bildirib.
Nilsonun sözlərinə görə, Rusiyanın hazırkı siyasəti yalnız Vladimir Putinin şəxsi ambisiyaları ilə bağlı deyil, dövlətin uzunmüddətli strateji kursunun tərkib hissəsidir.
O qeyd edib ki, Rusiyanın hərbi xərcləri elə sistem üzərində qurulub ki, hakimiyyət dəyişikliyi baş versə belə, bu xərclərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilmir. Nilson əlavə edib ki, Ukraynaya müdaxilə qərarı da yalnız Putinin şəxsi qərarı olmayıb.
İsveç kəşfiyyatının rəhbəri bildirib ki, rəy sorğuları Rusiya cəmiyyətinin əhəmiyyətli hissəsinin müharibənin özünü deyil, ölkənin "böyük dövlət" və imperiya ambisiyalarını dəstəklədiyini göstərir. Onun fikrincə, bu səbəbdən Kremldə hakimiyyət dəyişsə belə, Rusiyanın xarici siyasətində aqressiv kursun kəskin şəkildə dəyişəcəyi gözlənilmir.
Nilson həmçinin vurğulayıb ki, Rusiya hazırda əsas diqqətini Ukraynadakı müharibəyə yönəltsə də, Finlandiya sərhədindən cənuba doğru NATO-nun şərq cinahında hərbi infrastrukturunu genişləndirdiyinə dair ciddi iddialar və peyk görüntüləri mövcuddur.
10:57 03.07.2026
Oxunuş sayı: 52