Rusiyanın yeni dronları Ukrayna üçün ciddi təhlükə yaradır
Rusiyanın istifadə etdiyi yeni reaktiv pilotsuz uçuş aparatları Ukraynanın hava hücumundan müdafiə sistemi üçün ciddi çətinlik yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.
Bildirilib ki, saatda 500 kilometrədək sürət yığa bilən yeni reaktiv dronlar əvvəlki "Shahed" modellərindən xeyli sürətlidir və onları zərərsizləşdirmək daha çətindir.
Nəşrin yazdığına görə, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bu dronların sürətinin mövcud dron-tutucuların imkanlarını üstələdiyini bildirib. Onun sözlərinə görə, buna görə də Ukrayna hava hücumundan müdafiə qüvvələri onları vurmaq üçün daha bahalı zenit raketlərindən istifadə etməyə məcbur qalır.
Məqalədə qeyd olunur ki, son hücum zamanı Rusiya 496 pilotsuz uçuş aparatı buraxıb. Onlardan təxminən 30-nun reaktiv dron olduğu bildirilsə də, bəzi ukraynalı hərbi müşahidəçilər bu sayın 100-dən çox olduğunu iddia edirlər.
Ekspertlər hesab edirlər ki, reaktiv dronların sayının artması Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi birgə hücumların effektivliyini artırır.
08:12 03.07.2026
Oxunuş sayı: 59