Rusiyada ölənlərin sayı 450 mini keçib
2026-cı ilin birinci yarısında Rusiya Silahlı Qüvvələrində itkilərin artdığı bildirilir və bu itkilərin könüllü cəlb olunma tempini keçdiyi qeyd olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) məlumat yayıb.
Məlumata görə, hazırda münaqişə tərəfləri arasında itkilərin nisbəti 8:1 Ukraynanın xeyrinə olaraq qiymətləndirilir. Daha əvvəl bu göstərici 2:1 və ya 3:1 səviyyəsində olub.
CSIS ekspertlərinin hesablamalarına əsasən, müharibənin başlanğıcından bəri Rusiyanın ümumi itkiləri – ölən, yaralanan və itkin düşən hərbçilər daxil olmaqla – təxminən 1,4 milyon nəfərə çatıb. Ölü sayının isə 400–450 min nəfər arasında olduğu bildirilir.
Həmçinin qeyd olunur ki, Rusiya ordusunun aylıq geri dönməz və sanitar itkiləri hazırda 30–34 min nəfər təşkil edir və bu rəqəm yeni könüllülərin orduya cəlb olunma sayını üstələyir.
CSIS bu vəziyyəti Ukrayna tərəfindən geniş istifadə edilən pilotsuz uçuş aparatlarının effektivliyi ilə izah edir. Bildirilir ki, itkilərin 90 faizdən çoxu məhz dronların payına düşür. Bundan başqa, strategiyada sistemli səhvlər, bölmələr arasında koordinasiya problemləri, aşağı nizam-intizam və şəxsi heyətin kifayət qədər hazırlıqlı olmaması da vəziyyətə təsir edən amillər kimi göstərilir.
23:15 02.07.2026
Oxunuş sayı: 56