Avropadakı "cəhənnəm:" Azərbaycana da çatır...
Avropa qitəsi hazırda sadəcə yay fəslini yaşamır; o, sanki öz təbii iqlim qurşağından çıxaraq, Afrika səhrasının qızmar nəfəsinin tam mərkəzində qalıb. İspaniyadan gələn kədərli xəbərlər: min nəfərdən çox insanın bu anomal istilərin qurbanına çevrilməsi-əslində, planetimizin atmosfer mexanizmlərindəki ciddi bir "qırılmanın" göstəricisidir. İllərdir alışdığımız o mülayim və yağışlı Avropa yayı yerini sanki keçilməz bir istilik divarına buraxıb. Bəs, təbiətin bu amansız "blokadası" necə yaranır və niyə qitənin köklü hava axınları bu qədər aciz qalıb?

Crossmedia.az olaraq məsələnin elmi reallıqlarınana nəzər salmaq üçün Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Coğrafiya institutunun dosenti, Coğrafiya elmləri üzrə fəlsəfə doktoru, iqlimşünas alim Həsən Nəbiyevin fikirlərini öyrəndik: "Avropa üzərində atmosferin barik sistemlərinin yerləşməsində baş verən dəyişikliklər quraq və isti keçən yay fəslinin formalaşmasına səbəb olmuşdur. Bu vəziyyəti belə izah etmək olar: Afrika üzərindəki dayanıqlı antisiklonun yüksək təzyiq yalı Aralıq dənizindən şimala, Baltik dənizinə qədər uzanaraq bloklayıcı fəaliyyət göstərir. Yəni, Atlantik okeanından-qərb istiqamətindən gələn hava kütləsinin qarşısını kəsir. Bu təzyiq yalı boyunca Afrikadan şimala doğru isti hava hərəkət edir. Nəticədə, Skandinaviyaya qədər olan bütün ərazilərdə, o cümlədən Minsk, Moskva, Varşava və Almaniya şəhərlərində temperaturun kəskin artması müşahidə olunur. Yağıntılar azalır, çaylarda suyun səviyyəsi aşağı düşür. Hazırda bu təzyiq yalı şərqə doğru hərəkət edir. Bu, təbii bir haldır. Çünki Avropa üzərində qərb hava axınları hakimdir. Buna görə də Azərbaycanda da temperaturun artacağını gözləmək mümkündür. Xatırlatmaq istərdim ki, belə bir temperatur artımı 2021-ci ildə də olmuşdu. O zaman Portuqaliyada temperatur 47 dərəcəyə çatmış, İtaliyada və bir sıra digər ölkələrdə insanlar həyatını itirmiş, çaylarda suyun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdü".
Turqut Ansari
14:26 03.07.2026
Oxunuş sayı: 63