Ağrıyan ayaq, çarpayının altındakı əlyazmalar və 10 illik sirlər. “Küləklə sovrulanlar” romanı necə yarandı
Margarit Mitçell tərəfindən yazılan məşhur “Küləklə sovrulanlar” romanının yaranma prosesi barədə maraqlı detallar açıqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Mitçell 1926-cı ildə aldığı ayaq zədəsi səbəbindən evdə qaldığı dövrdə darıxmamaq üçün roman üzərində işləməyə başlayıb. O, əsər üzərində təxminən 10 il çalışıb və bu müddətdə əlyazmalarını evin müxtəlif yerlərində, hətta çarpayının altında saxlayıb.
Əsər ABŞ-nin Cənub bölgəsində Vətəndaş müharibəsi dövründə baş verən hadisələri əhatə edir. Romanın mərkəzində iradəli gənc qadın Skarllett OHara və onun mürəkkəb münasibətləri dayanır.
Yazıçı romanı xaotik şəkildə, hissələrə bölünmüş formada yazıb və hətta son fəsli ilk olaraq qələmə alıb. O, həmçinin dövrün tarixi sənədlərini, qəzetləri və xatirələri araşdıraraq əsərin dəqiqliyinə xüsusi diqqət yetirib.
1935-ci ildə əlyazma nəşriyyat tərəfindən qəbul edilib və qısa müddət sonra roman böyük uğur qazanıb. Nəşr olunduqdan sonra kitab milyonlarla nüsxə satılıb və müəllifinə dünya şöhrəti gətirib.
1937-ci ildə Margarit Mitçell Pulitser mükafatına layiq görülüb. “Küləklə sovrulanlar” onun yeganə nəşr olunmuş romanı olaraq qalır.
01:26 01.07.2026
Oxunuş sayı: 49