Türk birliyinə qarşı rus siyasəti: Dil, əlifba və sərhədlərlə qurulan maneələr
Türk dünyasının ortaq tarixi, dili və mədəni irsi əsrlər boyu müxtəlif imperiyaların hökmranlığı, siyasi parçalanmalar və ideoloji məhdudiyyətlərlə ciddi sınaqlarla üzləşib. Xüsusilə sovet-kommunist rejimi dövründə türk xalqları arasında ortaq kimlik və həmrəyliyin zəiflədilməsinə yönəlmiş siyasət yürüdülüb, bu isə vahid mədəni-humanitar məkanın formalaşmasını onilliklər boyu ləngidib. Azərbaycan Prezidenti İlham Əliyev də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində məhz bu tarixi reallığa diqqət çəkərək bildirib ki, sovet rejimi türk dünyasının birliyinə süni maneələr yaratmışdı. Bəs xatırlayaq ki, bu süni maneələr nələr idi?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
Türkoloq alim Faiq Ələkbərli qeyd edib ki, son əsrlərdə türk dünyasına məxsus dövlətlər tənəzzül dövrünü yaşayıb: “İstər Osmanlı dövləti, istər Səfəvilər və onların davamı olan Qacarlar, eləcə də Qızıl Ordadan sonra Türküstanda yaranmış xanlıqlar müxtəlif səbəblərdən zəifləyərək böyük uğursuzluqlarla üzləşdilər. Yalnız XIX əsrin sonu və XX əsrin əvvəllərində türk dünyasında yenidən müəyyən ümidlər yarandı. Xüsusilə XX əsrin əvvəllərində Osmanlı imperiyasının yerində Türkiyə Cümhuriyyəti quruldu, keçmiş Səfəvi dövlətinin ərazisində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Türküstanda da milli dövlətlər meydana gəldi. Lakin onların ömrü uzun olmadı və nəticədə yalnız Türkiyə müstəqilliyini qoruyub saxlaya bildi. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, türk dövlətləri yenidən işğala məruz qaldılar. Həm Türküstandakı milli dövlətlər, həm də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və bununla da türk dünyasının birliyinin qarşısında yeni maneələr yarandı”.

F.Ələkbərli qeyd edir ki, XX əsrin əvvəllərində türk birliyinin bərpa olunacağına böyük ümidlər vardı: “Əli bəy Hüseynzadə, Ziya Gökalp, Məmməd Əmin Rəsulzadə, Zəki Vəlidi Toğan, Yusuf Akçura kimi görkəmli türk mütəfəkkirləri bu ideyanın ən böyük tərəfdarları idilər. Lakin bu ideya yarımçıq qaldı. Sovet rejimi türk dünyasının birliyinə qarşı yeni maneələr yaratdı. Əslində, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın məqsədi vahid türk dili və ya vahid əlifbanın formalaşdırılması deyildi. Əksinə, sonrakı dövrdə sovet hakimiyyəti türk xalqlarını müxtəlif əlifbalara və müxtəlif yazı sistemlərinə ayırmaqla onların ortaq mədəni bağlarını zəiflətməyə çalışdı. Beləliklə, bu süni maneələr bizi təxminən 70 il geri saldı. Cənab Prezident İlham Əliyevin də demək istədiyi məhz budur. O, Əli bəy Hüseynzadə, Ziya Gökalp və digər türkçülük ideoloqlarının ideyalarını davam etdirərək bu gün bildirir ki, bizim böyük bir ailəmiz var və o da türk dünyası ailəsidir. Yəni bu maneələri aradan qaldırmaq üçün artıq müstəqil türk dövlətləri olaraq addımlarımızı özümüz müəyyən etməliyik. Rusiya Federasiyası, ABŞ, Böyük Britaniya və ya digər dövlətlərin hansı mövqe tutacağını gözləmədən öz yolumuzu özümüz seçməliyik.
Türkoloq qeyd edib ki, bu gün üçün ən doğru şüar da elə budur: bizim bir ailəmiz var və o da türk dünyası ailəsidir: “Bu baxımdan vahid ünsiyyət dili, ortaq əlifba, mədəniyyətimizin, tariximizin və fəlsəfi irsimizin inkişafı istiqamətində görüləcək işləri də özümüz həyata keçirməliyik. Kənardan yaradıla biləcək maneələri düşünərək geri çəkilmək olmaz. Bu istiqamətdə ən cəsarətli addımları atan dövlət də Azərbaycandır və bunun simasında Prezident İlham Əliyev dayanır. Minilliklər boyu mövcud olmuş türk birliyi ideyasının Azərbaycanın öncüllüyü ilə yenidən güclənəcəyinə və türk dünyasının gələcəkdə qlobal miqyasda mühüm güc mərkəzlərindən birinə çevriləcəyinə inanıram”.
Tarixçi alim Taleh Cəfərov isə bildirib ki, SSRİ-nin qurucusu Vladimir Lenin Sovet İttifaqında slavyan-türk xalqları birliyinə əsaslanan model yaratmışdı: "Lakin bu birlik daxilində onun əsas yükünü daşıyan türk xalqlarına olan münasibət birmənalı deyildi. Türk xalqlarına qarşı inamsızlıq, hərbi işdən kənar tutmaq, etimad göstərilməməsi, eyni zamanda repressiv addımlar, yüksək vəzifələrə irəli çəkilməmək kimi amilləri qeyd etmək olar. Sovet Rusiyasının Türk birliyinə süni maneələr yaradan amillərə gəldikdə isə ona deyə bilərik ki, Türk dünyasının Türkiyə ilə bağlarını qoparmağa çalışılmış, Qərbi Zəngəzurun ermənilərə verilməsi ilə bu bağ qırılmışdır. Bundan əlavə, Qazaxıstanı Başqırdıstanla birləşdirən və vaxtilə Qazaxıstan ərazisi olmuş Orenburq vilayətini zəbt etməklə ikinci belə bir bağı qoparmışdır. Bununla da Tatarıstan və Başqırdıstan türk respublikaları ilə Qazaxıstanın əlaqələri kəsilmişdir”.

Tarixçi qeyd edib ki, digər mühüm amil türk adından uzaqlaşdırmaq, türk identikliyinə mane olacaq qazax, qırğız, özbək və digər adlarl türk birliyini parçalamış, türk dili özbək dili, qazax dili, tatar dili formasında təlqin edilməsidir: “Başqa bir amil türk respublikaları arasında sərhədlərdə süni ərazi problemləri yaradılması və dövlətlırin bir-birinə qarşı qoyulması idi. ll Dünya müharibəsindən sonra istər Cənubi Azərbaycandakı Pişəvəri hökumətinin, eləcə də Şərqi Türküstanda Domolla hökumətinin devrilməsində, birliyin sarsılmasında əsas rolu Sovet-İran, Sovet-Çin gizli neft kantraktlarının imzalanması oynadı”.
Ayhan
14:00 01.07.2026
Oxunuş sayı: 120