Ağır ittihamlar, amma CƏRİMƏ CƏZASI – Prokurorluq məhkəmə ilə razılaşmadı
Baş Prokurorluq azadlığa buraxılan Hərbi Həkim Komissiyasının sədrinin hökmündən protest verəcək.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Həsənov Rasim Əlövsət oğlunun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7 000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5 000 manata edirilib.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcəkdir.
13:18
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.
"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub və 15 min manat cərimə edilib.
R. Həsənov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Rasim Həsənov 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
14:27 20.08.2026
Oxunuş sayı: 65