Naxçıvanda 7 ayda sahibkarlara 115 təsdiqedici sənəd təqdim edilib
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–iyul aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 115 təsdiqedici sənəd təqdim edilib.
Crossmedia.az-ın məlumatına görə, sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 109-u isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya və Cənubi Koreyadan ümumi dəyəri 8,4 milyon manat olan xammal və materiallar gömrük rüsumu və əlavə dəyər vergisi ödənilmədən idxal edilib.
Nəticədə cari ilin ilk 7 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 3,2 milyon manat məbləğində güzəşt əldə ediblər.
13:08 20.08.2026
Oxunuş sayı: 66