Bir kazino saytı bağlanır, digəri açılır: Qumar şəbəkələrini aşkarlamaq niyə çətindir?
Onlayn kazino və qumar saytlarının vaxtında aşkarlanması texniki baxımdan müəyyən çətinliklər yaradır. Belə platformaların server, domen və ödəniş sistemlərinin müxtəlif ölkələrdə yerləşməsi, eləcə də tez-tez domen adlarını və serverlərini dəyişməsi onların fəaliyyətinin izlənilməsini çətinləşdirir. Ekspertlər hesab edir ki, bu cür saytlarla mübarizədə yalnız domenlərin bloklanması kifayət etmir, davamlı texniki monitorinq və aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti də vacibdir.
İT eksperti Eyvaz Kərimov Crossmedia.az-a açıqlamasında bildirib ki, onlayn kazino və qumar saytlarının vaxtında aşkarlanması texniki baxımdan bir qədər çətin məsələdir: “Çünki bu tip platformalar çox vaxt birbaşa Azərbaycan ərazisində yerləşən serverlər üzərindən işləmirlər. Saytın özü başqa ölkədə yerləşən serverdə ola bilər, domen başqa ölkədə qeydiyyatdan keçə bilər, ödənişlər isə tamam başqa sistemlər üzərindən həyata keçirilə bilər. Bundan əlavə, belə platformalar tez-tez domen adlarını və istifadə etdikləri serverləri dəyişə bilirlər. Bir sayt bağlandıqdan sonra eyni şəxslər başqa domen adı ilə yenidən fəaliyyətə başlaya bilirlər. Buna görə də təkcə domeni bloklamaqla problemin tam həll olunması çətinləşir. Xaricdən idarə olunması da prosesi çətinləşdirən əsas amillərdən biridir. Server, domen, ödəniş sistemi və idarə edən şəxslər müxtəlif ölkələrdə olduqda onların bir-biri ilə əlaqəsini müəyyən etmək üçün müxtəlif mənbələrdən məlumat toplamaq lazım gəlir. Texniki olaraq saytın harada yerləşdiyini müəyyən etmək başqa məsələdir, həmin saytın arxasında kimin dayandığını müəyyən etmək isə daha mürəkkəb prosesdir".
Ekspert qeyd edib ki, həmçinin bu cür platformaların aşkarlanması üçün sadəcə internetdə sayt axtarmaq kifayət etmir: "Saytın məzmunu, domen məlumatları, server infrastrukturu, ödəniş kanalları, reklam fəaliyyəti və digər texniki izlər birlikdə analiz edilməlidir. Məncə burada əsas məsələ belə platformaları yalnız fəaliyyətə başladıqdan sonra bloklamaq yox, onların yeni domen və resurslarla yenidən ortaya çıxmasını da vaxtında müəyyən edə bilən davamlı monitorinq sisteminin olmasıdır. Bu zaman texniki monitorinq, kibertəhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyəti bir-birini tamamlamalıdır”.
Zeynəb Həsən
14:00 20.08.2026
Oxunuş sayı: 57