Ermənistanda vəzifəli şəxslərin istefası gözlənilir
Ermənistan hökumətində diaspor məsələləri üzrə baş komissar Zare Sinanyanın və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Tsovinar Tadevosyanın mümkün istefası müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, “Qraparak” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, diaspor məsələləri üzrə komissar vəzifəsinə ən real namizəd keçmiş təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Daniel Danielyandır. Sinanyanın bundan sonra hansı vəzifəni tutacağı isə məlum deyil.
Penitensiar Xidmətin rəhbəri Tsovinar Tadevosyanın vəzifədə qalması üçün isə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın çalışdığı bildirilir. Qalyanın Baş nazir Nikol Paşinyandan Tadevosyanın istefasını təxirə salmasını xahiş etdiyi qeyd olunur.
Məlumata görə, nazir Tadevosyana fəaliyyətini nümayiş etdirmək üçün daha bir şans verilməsini və məsələ ilə bağlı hökumətdə müzakirə aparılmasını təklif edib. Paşinyanın bu təkliflə razılaşdığı bildirilir.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Daxili İşlər Nazirinin müavini, Xilasetmə Xidmətinin rəhbəri Aram Kazaryanın Penitensiar Xidmətə rəhbər gətirilə biləcəyi barədə məlumatlar yayılmışdı
13:47 20.08.2026
Oxunuş sayı: 61