Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
Bakıda oktyabrın 22–30-da keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri yüksək səviyyədə davam edir.
Crossmedia.az xəbər verir ki, yarış Prezident İlham Əliyevin "15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncamına uyğun olaraq təşkil ediləcək.
Oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində nəzərdə tutulan 1000-ə yaxın qarşılaşma məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.
Dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin yarışda iştirakı planlaşdırılır.
Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində hazırlıq işləri ilə yaxından tanış olub. Ali futbol qurumunun rəhbərinə təşkilati məsələlər, infrastruktur layihələri və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim edilib. C.İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı işləri və ölkənin turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Mötəbər turnirin açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.
Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.
14:12 05.10.2026
Oxunuş sayı: 47