Vəkilliyə namizədlər üçün icbari təlimlər başladı
Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 73 vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb.
Crossmedia.az bu barədə xəbər verir.
Təlimlərin açılış mərasimində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov iştirak edib. O, təlimlərin namizədlərin nəzəri biliklərinin möhkəmləndirilməsi, praktiki bacarıqlarının inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
İştirakçılardan 72-si Vəkillər Kollegiyasından, 1-i isə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasındandır. Namizədlərin 27-si qadın, 46-sı kişidir.
Namizədlərin 66-sı, yəni 90 faizi 40 yaşadək şəxslərdir. Onlardan 69-u paytaxtdan, 4-ü isə regionlardan müraciət edib.
Anar Bağırov vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv prinsiplər əsasında aparıldığını qeyd edib. O, son illərdə vəkillərin sayının artdığını, institusional islahatların, beynəlxalq əməkdaşlığın və elektron xidmətlərin genişləndirildiyini vurğulayıb.
Təlimlər Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Sədr həmçinin vəkillərin peşə etikası qaydalarına riayət etməsinin və hüquqi yardımı məsuliyyətlə göstərməsinin vacibliyini diqqətə çatdırıb.
Təlimlərin açılışı Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda məruzəsi və sual-cavab sessiyası ilə davam edib.
15:17 05.10.2026
Oxunuş sayı: 45