Qəzzada atəşkəs pozuntuları davam edir: 3 nəfər yaralandı
Qəzza zolağında atəşkəsin davam etməsinə baxmayaraq, yeni hücumlar nəticəsində üç fələstinli yaralanıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Xan Yunisin şimal-qərbində yerləşən Həməd bölgəsi yaxınlığında piyadaları hədəf alan İsrail dronunun zərbəsi nəticəsində iki nəfər xəsarət alıb. Qəzza şəhərinin şərqindəki Əl-Zeytun məhəlləsinin Əl-Şəma bölgəsində isə bir qadın İsrail qüvvələrinin atəş açması nəticəsində yaralanıb.
Bundan əlavə, İsrail ordusu Xan Yunisin şərqində yerləşən Bəni Süheylə ərazisini artilleriya atəşinə tutub. Mərkəzi Qəzzada Deyr əl-Bəlahın cənub-şərqinə və Bureyc qaçqın düşərgəsinin şərqinə doğru yaşayış evləri istiqamətində intensiv atəş açıldığı bildirilib.
Qəzzanın şimalında isə İsrail ordusunun Əl-Tuffah məhəlləsinin şərqində boşaldılmış ev və binaların sökülməsinə yönələn genişmiqyaslı əməliyyatlar keçirdiyi qeyd olunub. Söküntü nəticəsində azı iki güclü partlayışın baş verdiyi, xəsarət alanların olmadığı bildirilir.
Məlumata görə, İsrail hərbi gəmiləri də Qəzza şəhərinin sahillərinə atəş açıb.
13:08 05.10.2026
Oxunuş sayı: 47