Zəfərdən yeni hədəflərə doğru
Yeni Azərbaycan Partiyasının 2026-cı ilin oktyabr ayının 2-də baş tutuan VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi mərhələnin başlanğıcını ifadə edən əlamətdar hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Bu qurultay ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. Qurultayın keçirildiyi dövr Azərbaycan dövlətinin gücünün, milli həmrəyliyin və müstəqil siyasi kursun tarixi nəticələrinin daha aydın şəkildə ortaya çıxdığı bir mərhələdir. Bu qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilir. Məhz bu amil VIII Qurultayın siyasi və tarixi əhəmiyyətini daha da artırır. Çünki uzun illər ərzində Azərbaycan dövlətinin qarşısında dayanan əsas milli hədəflərdən biri ərazi bütövlüyünün bərpası olmuşdur. Bu gün isə Azərbaycan həmin tarixi məqsədə nail olmuş, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu reallıq ölkənin siyasi gündəliyinə də yeni məzmun gətirir. Məhz bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Qurultay Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlətin daha da gücləndirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və qarşıdakı dövrün əsas vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi məzmun daşıyır. Bu mənada VIII Qurultay həm keçilmiş şanlı yolun siyasi yekunu, həm də Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin mühüm göstəricisidir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın şanlı Zəfərindən cəmi bir neçə ay sonra, ölkənin ictimai-siyasi həyatında yeni reallıqların formalaşdığı mühüm tarixi mərhələdə keçirilmişdir. Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında qeyd etdiyi kimi, həmin dövrdə bütün dünya Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən danışırdı. VII Qurultay məhz Zəfərin yaratdığı yeni siyasi və geosiyasi reallıqlar fonunda Partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin Qurultaydan ötən müddət ərzində Azərbaycan Zəfərinin siyasi nəticələrini möhkəmləndirmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni tarixi mərhələyə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı ölkəmizin son onilliklər ərzində keçdiyi mürəkkəb və şərəfli inkişaf yoluna, əldə olunan tarixi nailiyyətlərə və qarşıda dayanan vəzifələrə geniş baxış ortaya qoydu. Çıxışın əsas qayəsini Azərbaycanın müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlət kimi yeni mərhələyə qədəm qoyması təşkil edir.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi siyasi nəticələrin tarixi kökləri isə partiyanın yarandığı ilk dövrə gedib çıxır. Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının təkidli tələbi və milli dövlətçilik mənafeyinin tarixi zərurəti idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlət institutlarının formalaşdırılmasına, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsinə, milli həmrəyliyin təmin edilməsinə xidmət etdi. Bu siyasi xətt sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirildi və daha da zənginləşdirildi.
Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın bugünkü Zəfəri təsadüfi hadisə deyil, uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın qətiyyəti, prinsipiallığı, siyasi iradəsi və xalq-iqtidar birliyi ölkəmizin qarşısında duran ən mürəkkəb məsələlərin həllinə imkan verdi. Azərbaycan xalqının yumruq kimi birləşməsi, milli həmrəyliyin yüksək səviyyəyə çatması və dövlət siyasətinin xalq tərəfindən dəstəklənməsi Zəfərin əsas dayaqlarından biri oldu.
2020-ci ildə əldə edilən şanlı Zəfər Azərbaycanın tarixində yeni səhifə açdı. Lakin Zəfərdən sonra qarşıda daha mühüm strateji vəzifə dayanırdı: Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin bütün ərazisində bərpa edilməsi bu tarixi prosesin məntiqi yekunu oldu. Beləliklə, Azərbaycan uzun illər davam edən münaqişəyə son qoyaraq yeni siyasi reallıq formalaşdırdı.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və müstəqil siyasət yürüdən dövlət kimi çıxış edir. Ölkəmizin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanmasıdır. Azərbaycan heç bir dövlətə qarşı ikili standartlarla yanaşmır, öz mövqeyini açıq və prinsipial şəkildə ifadə edir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi və nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Qurultayda təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Azərbaycanın əldə etdiyi tarixi Zəfərin qorunması və dövlətimizin təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün hərbi gücün daim artırılması mühüm vəzifə olaraq qalır. Hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında münaqişənin və müharibənin olmaması, sərhədlərdə sakitliyin hökm sürməsi yeni reallığın göstəricisidir. Bununla belə, dövlətimizin hərbi və müdafiə imkanlarının yüksək səviyyədə saxlanılması milli təhlükəsizliyin əsas şərtlərindən biridir. Sülhün təminatlarından biri də məhz Azərbaycanın güclü müdafiə potensialıdır.
Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr sırasında ideoloji fəaliyyətin gücləndirilməsi də xüsusi yer tutur. Partiyanın fəalları Azərbaycanın reallıqlarının, əldə olunan uğurların və həyata keçirilən dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm rol oynayırlar. İnformasiya müharibəsinin getdikcə daha böyük əhəmiyyət qazandığı müasir dövrdə Azərbaycanın uğurlarının beynəlxalq və daxili ictimaiyyətə obyektiv şəkildə təqdim olunması mühüm siyasi və ideoloji vəzifədir. YAP-ın çoxsaylı üzvləri və fəalları bu prosesdə dövlət siyasətinin ictimai dayaqlarının möhkəmləndirilməsinə töhfə verirlər.
Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində fəal xarici siyasətlə yanaşı, ölkəmizin enerji və iqtisadi imkanları da mühüm rol oynayır. Azərbaycan bütün əsas enerji resurslarını istehsal edən, hasil edən və ixrac edən nadir ölkələrdən biridir. Neft və qaz layihələri ölkəmizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində rolunu artırır. Yeni investisiya layihələrinin, o cümlədən neft-qaz hasilatının artırılmasına yönəlmiş müqavilələrin imzalanması Azərbaycanın enerji potensialından səmərəli istifadə baxımından böyük əhəmiyyət daşıyır.
Bu proseslər Azərbaycanın iqtisadi qüdrətinin artması ilə sosial siyasətin davamlı şəkildə həyata keçirilməsinə də geniş imkanlar yaradır. Əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması istiqamətində atılan addımlar dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir. Güclü iqtisadiyyat, sosial sabitlik və vətəndaş rifahı dövlətin dayanıqlı inkişafının mühüm göstəriciləridir.
VIII Qurultayda diqqət çəkilən mühüm istiqamətlərdən biri də Böyük Qayıdış prosesidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi Azərbaycanın Zəfər tarixinin sülh və quruculuq mərhələsini təşkil edir. Qarşıdakı illərdə Böyük Qayıdışın daha da sürətlənməsi Azərbaycanın qarşısında duran mühüm tarixi vəzifələrdən biridir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ən mühüm nəticələrindən biri də partiyanın ölkənin gələcək inkişafında siyasi qüvvə kimi məsuliyyətinin bir daha müəyyənləşdirilməsidir. YAP yarandığı gündən Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsi, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı istiqamətində mühüm rol oynayıb. Bu gün partiyanın qarşısında yeni tarixi reallıqlara uyğun olaraq daha geniş vəzifələr dayanır. Zəfərin siyasi nəticələrinin möhkəmləndirilməsi, suverenliyin qorunması, milli ideoloji həmrəyliyin gücləndirilməsi, gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi və Azərbaycanın yeni inkişaf mərhələsinə uğurla qədəm qoyması bu vəzifələrin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışının mahiyyətindən aydın görünür ki, Azərbaycan artıq yalnız keçmiş münaqişənin nəticələrini aradan qaldıran dövlət deyil, yeni geosiyasi və təhlükəsizlik reallıqlarının formalaşmasında fəal iştirak edən ölkədir. Azərbaycanın artan beynəlxalq nüfuzu, güclənən iqtisadi və hərbi potensialı, müstəqil xarici siyasəti və milli həmrəyliyi ölkəmizin gələcək uğurlarının mühüm təminatlarıdır.
VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının tarixi missiyasının yeni mərhələsini müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik fəlsəfəsi üzərində formalaşan bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanaraq Azərbaycanı Zəfərə və tam suverenliyə aparıb. Qarşıda isə daha böyük hədəflər dayanır. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, təhlükəsiz və firavan cəmiyyət, sürətlə reallaşan Böyük Qayıdış və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsi həmin hədəflərin başlıca istiqamətləridir.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm keçilən şanlı yolun siyasi yekunu, həm də gələcək inkişaf strategiyasının mühüm istiqamətlərini müəyyən edən tarixi hadisədir. Qurultayın ortaya qoyduğu əsas mesaj aydındır: Azərbaycan Zəfərlə kifayətlənmir, Zəfərin yaratdığı imkanları yeni inkişaf mərhələsinə çevirmək əzmindədir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri qarşıda dayanan tarixi vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacaq, Azərbaycanın daha güclü, daha nüfuzlu və daha firavan dövlət kimi inkişafına öz töhfələrini verəcəklər.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
15:06 05.10.2026
Oxunuş sayı: 70