Ukrayna Rusiyanın neft sənayesinə ağır zərbə vurub
Ukrayna Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrə cavab olaraq ölkənin neft obyektlərinə qarşı uzaqmənzilli hücumları əhəmiyyətli dərəcədə genişləndirib.
Crossmedia.az xəbər verir ki, ˝The Wall Street Journal˝ nəşrinin məlumatına görə, Kiyev bu ilin əvvəlindən uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalını artırıb və yerli istehsal olan qanadlı raketlərdən daha fəal istifadə etməyə başlayıb. Bu isə Rusiyanın daha uzaq bölgələrində yerləşən hədəflərə zərbələr endirməyə imkan verib.
Analitiklərin qiymətləndirməsinə əsasən, mart ayından etibarən Rusiyanın neft emalı zavodlarına qarşı həyata keçirilən iyirmidən çox hücum nəticəsində ölkənin neft emalı güclərinin təxminən 20 faizi fəaliyyətini dayandırıb.
Ekspertlər bildirirlər ki, Ukrayna hava hücumundan müdafiə sistemlərini yükləmək üçün kütləvi dron hücumları taktikasından istifadə edir. Eyni zamanda, müasir pilotsuz aparatların radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilməsi getdikcə daha çətinləşir.
22:53 27.06.2026
Oxunuş sayı: 60