ŞAD XƏBƏR - Tənha qadınlar daha tez təqaüdə çıxacaqlar
Bu il qadınların təqaüd alma yaşı 6 ay qaldırılaraq 65-əçatdırılır. Bununla da Azərbaycanda qadın və kişilərin təqaüdə çıxma yaşı bərabərləşdirirlir. Bununla yanaşı Milli Məclisdə tənha qadınların pensiyaya daha tez çıxması ilə bağlı təklif də səsləndirilib. Məsələ cəmiyyətdə maraq doğurmaqla yanaşı, mövcud pensiya sistemində belə bir güzəştin tətbiqinin mümkün olub-olmaması ilə bağlı müzakirələri də gündəmə gətirib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, Azərbaycanda 2006-cı ildən tətbiq edilən yeni sığorta-pensiya sistemi sosial sığorta və sosial yardım mexanizmlərini bir-birindən ayırıb.

Onun sözlərinə görə, formal əmək fəaliyyəti ilə məşğul olmayan, əmək münasibətlərini rəsmiləşdirməyən və kifayət qədər sığorta stajı ilə pensiya kapitalı toplamayan şəxslər əmək pensiyası hüququ əldə edə bilmirlər: "Belə şəxslər yalnız müəyyən yaş həddinə çatdıqdan sonra yaşa görə sosial müavinət ala bilirlər. Mövcud qanunvericilikdə pensiya kapitalı ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulub", – deyə ekspert qeyd edib.
R.Sabir vurğulayıb ki, yaşa görə sosial müavinətin məbləği əmək pensiyası ilə müqayisədə xeyli aşağıdır: "2025-ci ilin əvvəlinə olan statistik məlumatlara əsasən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 530 manat olduğu halda, yaşa görə sosial müavinətin məbləği 220 manat təşkil edib."
İqtisadçı bildirib ki, qüvvədə olan qanunvericilikdə qadınlarla bağlı müəyyən sosial güzəştlər artıq mövcuddur: "Çoxuşaqlı analar üçün daha erkən pensiyaya çıxmaq hüququ, uşağa qulluq müddətinin əmək stajına daxil edilməsi və digər sosial təminat mexanizmləri nəzərdə tutulub."
Ekspertin fikrincə, tənha qadınlar üçün əlavə pensiya güzəştlərinin tətbiqi qanunvericilikdə dəyişikliklərin edilməsini tələb edir: "Mövcud pensiya sistemində əsas meyar yalnız yaş deyil, həm də sosial sığorta stajı və pensiya kapitalıdır. Tək yaşayan qadınlarla bağlı əlavə güzəştlərin tətbiqi üçün qanunvericilik bazasında dəyişikliklərə ehtiyac var. Aztəminatlı, tənha və sosial müdafiəyə daha çox ehtiyacı olan qadınlar üçün əlavə güzəştlərin tətbiqi dövlət büdcəsinin sosial yükünü artırsa da, həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edə bilər. Əmək bazarına təsirlərə gəldikdə isə, belə addımlar müəyyən boş iş yerlərinin yaranmasına da səbəb ola bilər."
Zeynəb Həsən
14:15 24.06.2026
Oxunuş sayı: 56