8 saniyəlik videoların yaratdığı təhlükə: Yeniyetmələrin psixikası risk altındadır?
Rəqəmsal texnologiyaların və sosial şəbəkələrin uşaqların gündəlik həyatında artan rolu son illər dünya ölkələrində geniş müzakirələrə səbəb olub. Böyük Britaniya hökuməti bu sahədə daha sərt tədbirlərə əl ataraq 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. Hökumət bu addımı uşaqların psixi sağlamlığının qorunması, sosial media asılılığının qarşısının alınması və daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması zərurəti ilə əsaslandırır.

Media eksperti Nəmənd Rüstəmov Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Böyük Britaniyada 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadə qadağası hələ bu il layihə kimi nəzərdə tutulub. Layihənin 2027-ci ilin əvvəlindən qüvvəyə minməsi gözlənilir. Avstraliya bu istiqamətdə Böyük Britaniyadan daha tez addım atıb. Avstraliyada 2025-ci ilin dekabrından yetkinlik yaşına çatmayan uşaqların valideyn nəzarəti olmadan sosial şəbəkələrə girişini qadağan edən layihə hazırlanıb. İndoneziya, Malayziya, Sinqapur və Pakistan kimi ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılıb.
Ekspert vurğulayıb ki, məsələdə iki prinsipial məqam var: “Rəqəmsal və kompüter texnologiyalarından istifadə zamanın tələbidir. Bu texnologiyalar fərdi inkişaf, təhsil və şəxsi inkişaf üçün zəruridir. Lakin şagird və tələbələrin telefon və kompüterdən istifadəsini tam qadağan etsək, onların təhsillə bağlı işlərini əngəlləmiş olarıq”.
Nəmənd Rüstəmov alternativ dilemmaya diqqət çəkib: “Yetkinlik yaşına çatmayan uşaqlar informasiya savadlılığı ilə yanaşı, informasiya ‘pintiliyi’ ilə də üzləşirlər. Telefonu hamı savadlanmaq və maariflənmək üçün əlinə götürmür. İnsan telefonun təhlükəsini və ziyanını bildiyi halda belə, maraqlı informasiya onu özünə cəlb edir”.
Ekspertin sözlərinə görə, həkimlər, psixoloqlar, psixoterapevtlər və sosioloqlar telefon asılılığının insanların şəxsi həyatına və sağlamlığına ciddi fəsadlar törətməsi ilə bağlı həyəcan təbili çalırlar. İnsanlar sosial şəbəkələrdə xüsusilə TikTok-un qısa formatlı videolarına daha çox vaxt ayırırlar. TikTok-un alqoritmi 8-10-15 saniyəlik videoları önə çəkir. YouTube Shorts və Reels formatları da eyni prinsip üzərində işləyir.
Nəmənd Rüstəmov psixoloqların yanaşmasını belə izah edib: “Psixoloqlar belə izah edirlər: Dünyanı tam qavramayan yeniyetmələrin psixikasına qısa videolar mənfi təsir göstərir. Onlar görürlər ki, ciddi problemlər TikTok, Instagram, Facebook və YouTube-da 8-10 saniyə və ya 1 dəqiqəyə həll olunur. Yeniyetmələr də eyni prinsip ilə nəyəsə nail olmaq istəyirlər. Nəticədə həm xəyal qırıqlığı yaranır, həm də internet asılılığı problemi dərinləşir”.
Ekspert internet asılığını həkimlərin rəsmi olaraq yoluxucu təhlükə hesab etdiyi diaqnozlardan biri kimi dəyərləndirib. O hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideyn nəzarəti altında olması zəruridir və qaçılmazdır.
Nəmənd Rüstəmov valideyn nəzarətinin informasiya məhdudiyyəti yaradıb-yaratmayacağı sualına da toxunub: “Fiziki-bioloji yetkinliklə bağlı məsələləri uşaq vaxtından əvvəl və ya gec öyrənsə, inkişafına ziyan dəyə bilər. Bu məsələlər psixoloq və sosioloqlarla birlikdə valideyn nəzarəti altında həll olunmalıdır. Uzun illərdir əksər smart cihazlarda, telefonlarda və yeni nəsil televizorlarda valideyn nəzarəti funksiyası var. Ona görə proseslərin valideyn nəzarəti altında keçirilməsi daha yaxşı olar”.
Ekspert yekun fikirini belə açıqlayıb: “Hesab etmirəm ki, nəzarətin artırılması gəncin inkişafına mənfi təsir göstərə bilər. Əksinə, fikrimcə, nəzarətsizlik gənclərə sağalması çətin olan fəsadlar törədə bilər. Mən evində yeniyetmə yaşında övladları olan valideyn kimi bu məsələlərin gənclərin, tələbələrin və şagirdlərin xeyrinə tənzimlənməsinin tərəfdarıyam”.
Nəmənd Rüstəmov xüsusi bir məqama diqqət çəkib. O, Telegram-ın rəhbəri Pavel Durovun Fransada saxlanılması məsələsini xatırladıb: “Pavel Durov bir neçə ay əvvəl Azərbaycandan Parisə uçarkən Fransada saxlanılıb. Sorğu zamanı ortaya çıxıb ki, Fransa polisi, İnterpol və digər hüquq-mühafizə orqanları üçün əsas həssas məqamlardan biri Telegram vasitəsilə yetkinlik yaşına çatmayan uşaqların cinsi istismara və narkotik istifadəyə məruz qalması məsələsi olub”.
Media eksperti yekunlaşdırıb: “Valideyn nəzarəti olmasa, dünyanı yaxşı qavramayan, qərar verməkdə çətinlik çəkən, riskli addımlara və macəraya meyilli yeniyetmələr pis niyyətli insanların əlində alətə çevrilirlər. Onlar cinsi istismara məruz qalırlar. Narkotik ticarətində istifadə olunurlar. Nəticədə həm uşaqlar, həm də ailələr ciddi sarsıntı yaşayırlar. Ona görə uşaqların, yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən valideyn nəzarəti olmadan istifadəsinə qadağa demək olmaz. Amma istifadəsi elə tənzimlənməlidir ki, onlara ziyan dəyməsin. Bu məsələnin bu istiqaməti qətiyyən unudulmamalıdır”.
Nigar Xəlilli
10:02 18.06.2026
Oxunuş sayı: 53