Robotlar cərrahları əvəz edəcək
İlon Maskın süni intellekt və robot texnologiyaları ilə bağlı proqnozları səhiyyə sahəsində də ciddi müzakirələrə səbəb olub. O, Tesla-nın Optimus robotlarının yaxın üç il ərzində dünyanın ən yaxşı cərrahlarından daha üstün əməliyyatlar həyata keçirə biləcəyini iddia edir. Lakin cərrahiyyə yalnız yüksək dəqiqlikdən ibarət deyil.

Tibb elmləri doktoru, cərrah Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, robotik cərrahlıq hazırda geniş vüsət almaqdadır: “Onun sözlərinə görə, müasir robotlar əməliyyatı müstəqil şəkildə həyata keçirmir, kənardan insan tərəfindən idarə olunur:
“Əvvəla qeyd edim ki, robotik cərrahlıq bu gün geniş vüsət almaqdadır. Amma bu robot kənardan insan tərəfindən idarə olunur. Yəni əməliyyatın gedişi və digər proseslər proqramlaşdırılır. Ayrı-ayrı klinik situasiyalarda isə qərarı insan verir. Robot müəyyən bir əməliyyatı proqramlaşdırılmış şəkildə həyata keçirə bilər və bunun gələcəkdə perspektivi var”.
A.Qeybulla qeyd edib ki, bəzən elə klinik situasiyalar olur ki, xəstə əvvəllər əməliyyat keçirib, bitişmələr yaranıb, anatomiyada müəyyən dəyişikliklər baş verib və bütün bunların real həllinin robot tərəfindən müstəqil şəkildə həyata keçirilməsi hələlik real görünmür: “Yəni insan amilini tamamilə əvəz etmək, təəssüf ki, mümkün olmayacaq. Amma bir çox proseslərin avtomatlaşdırılması, əlbəttə, mümkün olacaq. Bugünkü robotların əməliyyatı kənardan insan tərəfindən icra edilir. Elə bil ki, bunu insan özü icra edir, sadəcə robot ona verilən komandaları yerinə yetirir”.
Zərnigar Hüseynli
15:00 11.08.2026
Oxunuş sayı: 87