Hamının qəribə sandığı bu davranışın əsl səbəbi bu imiş - Psixoloq açıqladı
İnsanların bəzən təkbaşına danışması gündəlik həyatda tez-tez rast gəlinən haldır. Küçədə gedən və ya iş görən şəxsin öz-özünə söz deməsi ətrafdakılar tərəfindən fərqli qarşılanır. Bəzi insanlar bunu qeyri-adi davranış kimidəyərləndirərək yanlış qənaətə gələ bilirlər. Halbuki bu vəziyyət çox vaxt insanın düşüncələrini nizamlamaq və diqqətini toplamaq cəhdidir. Daxili gərginliyin azalması və fikirlərin aydınlaşması üçün belə davranışa müraciət oluna bilər. Bu hal həm də gündəlik qərarvermə prosesində insanın özünü istiqamətləndirməsinə kömək edir. Ona görə də kənardan baxışla bu cür davranışa tələsik qiymət vermək doğru deyil.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov mövzunun psixoloji tərəflərini Crossmedia.az-a açıqlamasında izah edib:

"Öz-özünə danışmaq insanların düşündüyündən daha geniş yayılmış və əksər hallarda tamamilə normal davranışdır. İnsan beyni daim daxili dialoq aparır. Bəzən bu dialoq səssiz şəkildə düşüncə formasında, bəzən isə səsli şəkildə ifadə olunur. Psixologiyada bu proses özünü tənzimləmə, düşüncələrin təşkil olunması və emosional idarəetmə mexanizmlərindən biri kimi qiymətləndirilir. Bir çox insan mürəkkəb qərarlar qəbul edərkən, gündəlik işlərini planlaşdırarkən və ya qarşılaşdığı problemi həll etməyə çalışarkən öz-özü ilə danışa bilir. Bu, diqqəti toplamağa, informasiyanı daha sistemli emal etməyə və düşüncələri aydınlaşdırmağa kömək edir. Xüsusilə yaradıcı peşə sahiblərində, müəllimlərdə, rəhbərlərdə və yüksək məsuliyyət daşıyan şəxslərdə bu davranışa daha tez-tez rast gəlinir. Araşdırmalar göstərir ki, öz-özünə danışmaq insanın yaddaş və diqqət proseslərinə də müsbət təsir göstərə bilər".
Psixoloq hər hansı bir əşyanı axtararkən və ya mürəkkəb tapşırığı yerinə yetirərkən insanın özünə istiqamətverici cümlələr deməsi performansı artıra bildiyini və idmançıların da yarışlar zamanı motivasiyanı yüksəltmək və həyəcanı idarə etmək üçün bu üsuldan istifadə etdiklərini deyib:
"Eyni zamanda öz-özünə danışmaq emosional gərginliyin azaldılmasına xidmət edə bilər. İnsan bəzən narahatlıq, stress və ya məyusluq yaşadığı zaman hisslərini sözlə ifadə etməklə daxili gərginliyi azaldır. Bu, müəyyən mənada insanın özünə psixoloji dəstək verməsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, hər bir davranış kimi öz-özünə danışmağın da konteksti vacibdir. Əgər insan öz danışığını idarə edə bilir, bunun fərqindədir və bu davranış gündəlik fəaliyyətinə mane olmursa, adətən narahatlıq doğuran hal hesab edilmir. Lakin insanın olmayan səsləri eşitdiyini düşünməsi, özünü real olmayan şəxslərlə dialoq içində hiss etməsi, danışığın məzmununun reallıqla əlaqəsini itirməsi və ya bu vəziyyətin sosial, peşə və gündəlik həyatına ciddi təsir göstərməsi artıq mütəxəssis qiymətləndirməsini tələb edə bilər. Cəmiyyətimizdə öz-özünə danışan insanlara bəzən yanlış yanaşma formalaşır və bu davranış dərhal psixoloji pozuntu kimi qiymətləndirilir. Halbuki müasir psixologiya göstərir ki, öz-özünə danışmaq təkbaşına hər hansı psixi xəstəliyin göstəricisi deyil. Əksinə, bir çox hallarda bu, insanın düşüncələrini nizamlamaq, davranışlarını planlaşdırmaq və emosiyalarını idarə etmək üçün istifadə etdiyi təbii psixoloji mexanizmdir. Əsas məsələ davranışın özündən çox onun intensivliyi, məzmunu və insanın gündəlik həyatına təsiridir. Bu amillər nəzərə alınmadan yalnız öz-özünə danışmağa əsasən hər hansı psixoloji problem barədə nəticə çıxarmaq doğru olmaz ".
Fatimə Məmmədova
18:00 16.06.2026
Oxunuş sayı: 48