Müəllimliyin Allahverdi Məmmədli zirvəsi
Qeydlərimə başlamazdan sərlövhə ağlıma gəldi. Özü də
dərhal, bir neçə saniyəyə. Bu, nadir hallarda belə olur...
Allahverdi
müəllimi- filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlini təxminən
10 ildir tanıyıram. Mən doğma Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
birinci kursunda oxuyarkən bizə “Qəzet istehsalı və çap texnikası” fənninin
seminar saatlarını keçirdi. Özünün pedaqoji ustalığı ilə çoxumuzun diqqətini çəkmişdi.
Səs tonunu qaldırdığı heç yadıma gəlmir. Həmişə təmkinini qoruyar, soyuqqanlı
davranar, tələbə ilə münasibətdə “qızıl orta”nı gözləməyə çalışardı.
Bir neçə il sonra – dördüncə kursda oxuyanda yenidən
onunla görüşdük. Bu dəfə “KİV-in hüquqi tənzimlənməsi” fənnində. Həm mühazirə,
həm də seminarları aparırdı. Mühazirələri çox interaktiv keçirdi. Auditoriyada
gəzə- gəzə təmkinlə mövzunu izah edər, qəfildən dayanar və ixtiyari bir tələbəyə
sual verərdi. Asanlıqla müəyyənləşdirə bilərdi ki, onu kim dinləyir, kim dinləmir.
Bunun üçün, bəlkə də, sadəcə tələbənin üzünə baxması kifayət idi. İstənilən
mövzunu praktika ilə əlaqələndirməsi, dediklərini konkret nümunələrlə gücləndirməsi,
əlbəttə, dərsi daha anlaşıqlı edirdi.
Seminarları da maraqlı keçirdi. Mən hələ hansısa tələbənin
Allahverdi müəllimdən, onun qiymətləndirmə sistemindən narazı olduğunu görməmişəm,
eşitməmişəm. Bununla belə, ədaləti qorumaq onun üçün prioritetdir. Demək olar,
hər dəfə tələbədən soruşurdu: “Neçəyə
iddialısan?”, “Neçə istəyirsən?”. Bu, professorun məşhur suallarından
idi. Sanki beləliklə, həm də bizim – gələcəyin jurnalistlərinin özünü qiymətləndirməsini
yoxlayırdı, gənclərdə özünəinam yaratmağa çalışırdı.
Allahverdi müəllimin dərsləri təkcə konkret
predmetin izahı və müzakirəsi ilə yekunlaşmırdı. Bütün sahələrlə bağlı tələbələrə
suallar verə bilərdi. Az qala, ağıla gələn hər şeydən. Nəinki konkret predmetlə
məhdudlaşmayıb, bütövlükdə media sistemi, həm də ümumi dünyagörüşü ilə bağlı
biliklərimizin inkişafına çalışırdı.
Elə sualları olurdu ki, bir 90 dəqiqə düşünməli
olurduq. Bəzən də həmin sualları və cavabları bir – birimizlə bölüşürdük.
Deyirdik ki, Allahverdi müəllim filan sualı soruşacaq, hazır ol...
Bir neçə dəfə səfərlərdə iştirak etmişik. Ağdamda,
Ağcabədidə olmuşuq. Dərslərdə nə qədər ciddi, tələbkardırsa, bir o qədər də
zarafatcıl, səmimi insandır.
...İllər keçdi. Mən əvvəlcə magistr, sonra
doktorant kimi fakültəmə qayıtdım. Həm də saathesabı qaydada pedaqoji fəaliyyətlə
məşğulam. Bir neçə semestr Allahverdi müəllimin seminarlarını da aparmışam. Həmin
müddətdə də ondan öyrəndiklərim az olmadı: Qiymətləndirmə sistemindən tutmuş tələbə
ilə ünsiyyətə qədər.
Ümumiyyətlə, Allahverdi müəllimdən nə isə öyrənməmək
mümkün deyil. Bəzən bir neçə dəqiqəlik dialoq da buna kifayət edir. Təkcə
dediklərindən yox, həm də təmkinindən, başqalarına münasibətindən, insanlığından...
Hərdən fakültədə rastlaşırıq. Görüşürük. Hər dəfə
eyni təbəssümlə qarşılayır, özünəxas şəkildə “Necəsiniz?”, “İşləriniz necədir?”
deyə soruşur. Cavab verir, hər şeyin qaydasında olduğunu deyirəm. Allahverdi müəllim
isə özünün şux qameti, iti addımları ilə dərsə tələsir.
...Onun altmış yaşında tanıdığım müəllimimin artıq
70 yaşı ərəfəsindədir. İyunun 26-da növbəti yubileyuini qeyd edəcək. İlk görüşümüzdə öyrədəcəklərinin üç- dörd ay çəkəcəyini
düşünürdüm. Amma düz on ildir ki, öyrədir, nümunə olur.
Allah hamıya professor Allahverdi Məmmədli kimi müəllimlər
qismət eləsin.
Kənan Novruzov,
BDU-nun Yeni Media və
Kommunikasiya Nəzəriyyəsi kafedrasının
doktorantı
11:56 09.06.2026
Oxunuş sayı: 86