Ukrayna İraqın ittihamlarını rədd edib
Ukrayna Xarici İşlər Nazirliyi İraq Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Abudinin Ukraynanı ölkə ərazisindəki hücumlarda iştirakda ittiham etməsini rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bəyan edib ki, İraq tərəfi səsləndirdiyi iddiaları təsdiqləyəcək heç bir sübut təqdim etməyib və bu məsələ ilə bağlı diplomatik kanallarla Kiyevə rəsmi müraciət göndərməyib.
Ukrayna XİN vurğulayıb ki, ittihamlar yalnız televiziya efirində səsləndirilib və belə addım məsuliyyətsiz olmaqla yanaşı, Ukrayna–İraq münasibətlərinə zərər vura bilər.
Bəyanatda qeyd olunub ki, bu açıqlamalar Rusiya təbliğatının yaydığı narrativlərlə üst-üstə düşür və Ukraynanın Yaxın Şərq ölkələri ilə münasibətlərini pozmağa yönəlmiş informasiya kampaniyasının tərkib hissəsi ola bilər.
Xatırladaq ki, daha əvvəl İraq Prezidentinin müşaviri Ukrayna kəşfiyyatını ölkədə həyata keçirilən hücumlarda ittiham etmişdi.
16:48 28.07.2026
Oxunuş sayı: 46