İran raket potensialını qoruyub saxlayıb
İran ABŞ və İsrailin yüzlərlə hücumuna baxmayaraq raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlayıb və regiondakı Amerika obyektlərinə zərbələri davam etdirir.
Crossmedia.az xəbər verir ki, "The Financial Times" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, beş ay davam edən münaqişə İranın raket potensialını məhv etməyib. Bildirilir ki, İran raketləri İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hədəflərə zərbələr endirməyə davam edir.
Analitiklər bunu Tehranın daha müasir və yüksək dəqiqlikli, trayektoriyanın son mərhələsində manevr edə bilən raketlərə keçməsi, həmçinin mümkün kəşfiyyat dəstəyi ilə əlaqələndirirlər.
Ekspertlərin fikrincə, ABŞ üçün əsas strateji dilemma İran təhlükəsini cilovlamaq məqsədilə hücumların miqyasını genişləndirmək zərurətidir. Bu isə daha çox raket əleyhinə müdafiə vasitələrinin istifadəsini və İsrailin yenidən aktiv hərbi əməliyyatlara qoşulmasını tələb edə bilər. Eyni zamanda, İranın itkilərini sürətlə bərpa etməsi və taktikasını çevik şəkildə dəyişməsi ABŞ hava hücumundan müdafiə sistemi üçün əlavə çətinlik yaradır.
15:48 28.07.2026
Oxunuş sayı: 55