ABŞ ilə İran arasında "centlmen razılığı" mümkündür - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında
bildirib ki, Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir.
"Biz nüvə silahının mövcudluğuna heç bir halda yol verməyəcək
çox yaxşı sazişin bağlanmasının yekun mərhələsindəyik. Boğaz dərhal açılacaq.
O, saziş imzalandıqdan dərhal sonra açılacaq ki, bu da iki-üç gündən sonra baş
verə bilər", - Tramp qeyd edib.
Məlum olduğu kimi, iyunun 7-8-də İranla İsrail arasında yenidən
hərbi toqquşma yaşandı. Temp tərəflərə çağırış edərək gərginliyin
dayandırılmasını tələb etdi. Ardınca isə Tramp İsrailin Baş naziri Benyamin
Netanyahunu ölkəsini İrana qarşı tək qoymaqla hədələdi. ABŞ-nin
Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində
bildirdi ki, ABŞ İsrailin etirazlarına baxmayaraq, İranla danışıqları
davam etdirəcək.
Belə məlum olur ki, Vaşinqtonla Təl- Əviv arasında münasibətlər
heç də bəzən göstərildiyi, xüsusilə ikincinin iddia etdiyi qədər yaxşı səviyyədə
deyil. O da məlumdur ki, ABŞ İsrailin eskalasiya siyasətinə qarşıdır.
Ümumiyyətlə, hazırkı mənzərə onu deməyə əsas verir ki, İsrail bütün imkanları ilə Yaxın Şərqdə “suları bulandırmağa” çalışır. Fikrimcə, burada iki əsas məqsəd var. Birincisi, ABŞ-ni onu dəstəkləməyə sövq etmək və dolayısı ilə İranla danışıqlara mane olmaq. İkincisi isə baş nazir Benyamin Netanyahunun özünün hakimiyyətinin davamlılığını təmin etmək. Düşünürəm ki, xüsusilə Qəzzada baş verənlərdən sonra xalq Netanyahudan bezib və onun hakimiyyəti bütünlükdə hərbi – siyasi gərginliklərdən asılı vəziyyətə düşüb.

Üstəlik, belə anlaşılır ki, İsrailə beynəlxalq təzyiq lazımi
səviyyədə deyil, ABŞ isə onun “şıltaqlıqlarına” dözür. Bu konteksdə
proqnozlaşdırmaq olar ki, İsrail aqressiv ritorikasını dayandırmasa, ABŞ ilə
münasibəltər daha da pisləşə bilər.
Trampın səsləndirdiyi fikirlərə gəldikdə isə bildirməliyik
ki, ABŞ İranla müharibə istəmir. Çünki bu ilin fevralında başlayan və 40 gün
davam edən savaş heç də ABŞ-nin arzuladığı kimi nəticələnmədi. Bundan başqa,
İranla eskalasiya ABŞ siyasi elitasında da fikir ayrılıqlarına səbəb olur.
Noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində İranla növbəti eskalasiya
Trampın reytinqinə mənfi təsir göstərə bilər. Əslində belə bir ssenari İranın
da ürəyincə deyil. Çünki İran da ciddi itkilər verib. Ümumiyyətlə, 40 günlük
müharibə “Pir qələbəsini” xatırladır.
Bu mənada düşünürmək olar ki, həm Vaşinqton, həm də Tehran
konstruktiv mövqedə maraqlıdırlar və razılığa gələ bilərlər. Hərçənd bunun Ağ
Ev rəhbərinin elan etdiyi qədər tez müddətdə baş verəcəyini düşünmürəm. Bunun
üçün ciddi danışıqlara ehtiyac var.
Donald Trampın pafoslu vədlərinin, bir – birini təkzib edən bəyanatlarının
əvvəllər də şahidi olmuşuq. Şərqi Avropada müharibəni üç günə bitirmək iddiasında
olan, amma bunu bacarmayan Tramp Yaxın Şərqdə iki – üç günə “daşları yerinə
otuzdura biləcəkmi?”. İnandırıcı görünmür. Xüsusilə İsrail faktorunu, ehtimal
olunan növbəti “sürprizləri” nəzərə alsaq. Amma Vaşinqton bunun üçün çalışacaq.
Bəlkə də, İranla “centlmen sazişi” əldə oluna bilər.
11:29 09.06.2026
Oxunuş sayı: 75