Kanadanın Şimali Avropaya hərbi dönüşü: Vaşinqtondan məsafə, Pekinə mesaj
Kanadanın Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinə – Joint Expeditionary Force (JEF) – üzv olmaq üçün rəsmi müraciət etməsi ilk baxışdan texniki hərbi əməkdaşlıq qərarı təsiri bağışlaya bilər. Lakin addımın arxasında daha geniş geosiyasi hesablamalar dayanır. Belə ki, Ottava artıq NATO üzvüdür və JEF-ə qoşulmaq Kanadanın təhlükəsizlik arxitekturasını dəyişməsi deyil. Daha çox, ölkənin müdafiə tərəfdaşlıqlarını şaxələndirmək, Şimali Atlantika və Arktikadakı mövqelərini möhkəmləndirmək və ABŞ-dan asılılığını müəyyən qədər azaltmaq cəhdidir.
NATO-dan əlavə NATO
JEF klassik mənada NATO-ya alternativ hərbi ittifaq deyil. Təşkilata Böyük Britaniya ilə yanaşı Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveç daxildir. Bu ölkələrin hamısı NATO üzvüdür. JEF-in əsas üstünlüyü isə daha çevik və yüksək hazırlıq səviyyəsinə malik hərbi əməkdaşlıq mexanizmi olmasıdır.
Məhz buna görə Kanadanın müraciəti “NATO-dan uzaqlaşma” kimi deyil, NATO daxilində və onun ətrafında paralel təhlükəsizlik şəbəkələrinin gücləndirilməsi kimi oxunmalıdır.

Ottava bu istiqamətdə müəyyən yol qət edib. Mart ayında Kanada Baş naziri Mark Karni JEF liderlərinin toplantısında xüsusi dəvətli qismində iştirak etmiş, Şimali Avropa və Şimal Atlantikdə təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini vurğulamışdı. Kanada 2025-ci ildə JEF-in Latviyadakı hərbi təlimində də iştirak edib.
Deməli, sentyabr müraciəti qəfil qərardan daha çox, son aylarda formalaşan xəttin növbəti mərhələsidir.
Əsas istiqamət: Arktika
Kanadanın JEF-ə marağını izah edən əsas amillərdən biri Arktikadır.
Arktika artıq yalnız iqlim və təbii sərvətlər məsələsi deyil. Şimal dəniz marşrutlarının açılması, kritik minerallara çıxış, hərbi infrastruktur, peyk və rabitə sistemləri regionu böyük güclər arasında rəqabətin yeni cəbhəsinə çevirir.
NATO da Arktikanın əhəmiyyətinin artdığını açıq şəkildə bildirir. Alyansın məlumatına görə, Arktika Şimali Atlantikaya çıxış qapısıdır və region həm Rusiya, həm də Çinin artan strateji maraqları ilə üzləşir. NATO 2026-cı ildə Arktikadakı hərbi fəaliyyətini Arctic Sentry vasitəsilə daha da gücləndirib.

Kanada üçün məsələ daha həssasdır. Ölkə dünyanın ən böyük Arktika ərazilərindən birinə malikdir və öz şimal sərhədlərinin müdafiəsi birbaşa milli suverenlik məsələsidir.
Bu səbəbdən Ottawa son aylarda Nordic ölkələri ilə müdafiə əlaqələrini sürətləndirir. Kanada və beş Nordic ölkəsi mart ayında Arktikada təhlükəsizlik, müdafiə sənayesi, hibrid təhdidlər və kritik infrastruktur üzrə əməkdaşlığı genişləndirmək barədə razılaşıb.
ABŞ faktoru: təhlükəsizlik tərəfdaşı, amma artıq yeganə dayaq deyil
Kanadanın qərarının ən maraqlı tərəfi məhz ABŞ faktorudur.
Ottava və Vaşinqton NATO çərçivəsində müttəfiq olaraq qalır. Hətta Arktika təhlükəsizliyi üzrə Kanada, ABŞ və Nordic ölkələri birlikdə fəaliyyət göstərirlər. May ayında yayılan birgə bəyanatda tərəflər Arktikada hərbi mövcudluğun, müşahidə imkanlarının və birgə təlimlərin artırılmasının vacibliyini vurğulayıblar.
Lakin münasibətlərdə yeni reallıq da meydana çıxıb: Kanada təhlükəsizlik siyasətində yalnız Vaşinqtona arxalanmaq istəmir.

Bu yanaşmanın arxasında son dövrdə ABŞ-Kanada münasibətlərində yaranan siyasi və iqtisadi gərginlik dayanır. Ottava Avropa ilə daha sıx iqtisadi və təhlükəsizlik əlaqələri qurmağa çalışır. Eyni xətt müdafiə sahəsində də görünür.
Başqa sözlə, Kanada ABŞ-yə qarşı hərbi blok yaratmır. Daha çox, ABŞ-nin Kanadanın təhlükəsizliyindəki rolunu əvəz etməkdən yox, alternativ və tamamlayıcı tərəfdaşlıqlar yaratmaqdan danışmaq mümkündür.
Bu, klassik balanslaşdırma siyasətinin əlamətlərindən biridir: müttəfiqlik saxlanılır, lakin asılılıq azaldılır.
London niyə vacibdir?
JEF-in Böyük Britaniyanın rəhbərliyi altında olması da təsadüfi deyil.
London Avropanın ən ciddi hərbi güclərindən biri olmaqla yanaşı, Şimali Atlantika və Arktik təhlükəsizlik məsələlərində Kanadaya coğrafi və strateji baxımdan yaxındır.

Kanada üçün Böyük Britaniya ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi həm Avropaya çıxış, həm də ABŞ-dən kənar Qərb təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi deməkdir.
Üstəlik, Kanada artıq Danimarka ilə müdafiə əməkdaşlığını genişləndirib, Norveçlə Arktika təhlükəsizliyi üzrə əlaqələri gücləndirib və NATO-nun Şimal cinahında daha böyük rol almağa başlayıb. İyulda Kanada Danimarka və Latviya ilə birlikdə NATO-nun Multinational Division North strukturunda üçüncü çərçivə ölkəsi oldu.
Beləliklə, Ottava Şimali Avropaya sadəcə diplomatik deyil, praktiki-hərbi istiqamətdə də yaxınlaşır.
Çin faktoru: Arktikada yeni rəqabət
Kanadanın addımını yalnız ABŞ ilə münasibətlər kontekstində izah etmək də düzgün olmaz. Burada Çin faktoru getdikcə daha çox əhəmiyyət qazanır.
Pekin Arktika ölkəsi deyil, lakin regionda iqtisadi, elmi, enerji və logistika maraqlarını artırır. Kritik minerallar, enerji resursları və yeni dəniz marşrutları Çin üçün Arktikanın strateji əhəmiyyətini yüksəldir.
NATO da Çinin Arktikadakı enerji resurslarına, kritik minerallara və dəniz kommunikasiya xətlərinə marağının artdığını qeyd edir. Eyni zamanda Rusiya ilə Çin arasında əməkdaşlığın Arktikadakı təhlükəsizlik mühitinə təsir göstərdiyini bildirir.

Kanada üçün burada ikiqat məsələ yaranır. Bir tərəfdən Ottawa Arktikadakı iqtisadi imkanlardan istifadə etmək istəyir, digər tərəfdən regionun strateji infrastrukturu və kritik resurslarının mümkün xarici təsirlərdən qorunmasına çalışır.
Bu baxımdan JEF Kanada üçün təkcə Rusiyaya qarşı müdafiə mexanizmi deyil. O, eyni zamanda Şimal Atlantika–Arktika xəttində Qərb ölkələri arasında koordinasiyanı gücləndirən platformadır.
Yeni təhlükəsizlik xətti formalaşır
Kanadanın son addımlarına birlikdə baxanda daha böyük mənzərə görünür.
Ottava bir tərəfdən NATO daxilində rolunu artırır. Digər tərəfdən Nordic ölkələri ilə ikitərəfli əlaqələri genişləndirir. Üçüncü istiqamətdə JEF-ə qoşulmağa çalışır. Eyni zamanda Avropa ilə müdafiə sənayesi və iqtisadi əməkdaşlığı dərinləşdirir.
Bu, Kanadanın xarici siyasətində müəyyən transformasiyaya işarə edir: Şimali Amerika ölkəsi olmaqla yanaşı, özünü daha çox Şimali Atlantika və Avropa təhlükəsizlik məkanının fəal iştirakçısı kimi təqdim etmək.
Bu xəttin coğrafi əsası da var. Kanada ilə Nordic ölkələri arasında minlərlə kilometr məsafə olsa da, Arktika onları faktiki olaraq eyni strateji məkanda birləşdirir.
Vaşinqton üçün mesaj nədir?
Kanadanın JEF müraciəti ABŞ-yə qarşı açıq siyasi meydan oxuma kimi təqdim olunmaya bilər. Lakin onun Vaşinqton üçün mesajı kifayət qədər aydındır: Ottava təhlükəsizlik siyasətində seçimlərini genişləndirir.
Kanada ABŞ-nin NATO-dakı rolunu və NORAD çərçivəsində əməkdaşlığı qoruyur, lakin bununla paralel olaraq Avropadakı tərəfdaşlarının hərbi imkanlarına daha çox bağlanır.
Başqa sözlə, Kanada “ABŞ-dən ayrılmaq” deyil, ABŞ-dən asılılığın azaldılması xəttinə doğru hərəkət edir.
Bu fərq mühümdür.
Çünki Kanada coğrafi baxımdan ABŞ-dən ayrı təhlükəsizlik sistemi qura bilməz. İki ölkənin quru sərhədi, iqtisadi inteqrasiyası və NORAD kimi ortaq müdafiə mexanizmləri bunu mümkünsüz edir. Buna görə Ottava üçün real strategiya Vaşinqtonla əlaqələri qoparmaq yox, alternativ tərəfdaşlıqları artırmaqdır.
Nəticə: Kanadanın “Avropaya dönüşü”
Kanadanın JEF-ə üzvlük müraciəti əslində daha böyük prosesin yalnız bir hissəsidir.
Arktikanın strateji əhəmiyyətinin artması, Rusiya təhlükəsi, Çinin regiona marağının genişlənməsi və ABŞ-la münasibətlərdə yaranan qeyri-müəyyənlik Ottavanı yeni təhlükəsizlik arxitekturası qurmağa sövq edir.
Bu arxitekturanın mərkəzində üç xətt görünür: NATO, Nordic ölkələri və Böyük Britaniya.
Kanada bununla özünü ABŞ-dən uzaqlaşdırmaqdan daha çox, Şimali Amerikanın təhlükəsizlik sistemindəki mövqeyini Avropa ilə əlaqələndirməyə çalışır.
Əgər bu proses davam edərsə, Kanada qarşıdakı illərdə Şimali Atlantikanın iki sahili arasında sadəcə coğrafi körpü deyil, həm də Şimali Amerika ilə Avropa arasında təhlükəsizlik körpüsü rolunu daha qabarıq şəkildə oynaya bilər.
Bu isə Arktikada Rusiya və Çinlə rəqabətin dərinləşdiyi, ABŞ-nin Avropadakı rolunun yenidən müzakirə olunduğu bir dövrdə Kanadanın strateji çəkisini artıran yeni mərhələ deməkdir.
Müşahidəçi
14:25 17.09.2026
Oxunuş sayı: 56
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.