SOS: Xəzərin dərdi var...
Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyib ki, Xəzərin səviyyəsinin son 200 illik tarixi minimuma yaxınlaşması problemin ciddiliyinin göstəricisidir. Bu ciddi ekoloji və strateji çağırış kimi qiymətləndirilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu proses problemin miqyasının artdığını göstərir və artıq regional təhlükəsizlik və iqtisadi dayanıqlılıq məsələsinə çevrilib.
Səviyyənin azalmasının əsas səbəbləri qlobal iqlim dəyişmələri, temperaturun artması nəticəsində buxarlanmanın güclənməsi və Xəzərə su gətirən əsas çayların axınında azalmadır. Xüsusilə Volqa və digər iri çay hövzələrində suyun kənd təsərrüfatı və sənaye məqsədilə intensiv istifadəsi bu prosesi daha da sürətləndirir. Antropogen təsirlər və su ehtiyatlarının qeyri-səmərəli idarə olunması da vəziyyəti ağırlaşdırır.
Görülməli tədbirlər sırasında Xəzəryanı dövlətlərin birgə əməkdaşlığı, vahid monitorinq sisteminin yaradılması, su ehtiyatlarının səmərəli idarə edilməsi və müasir suya qənaət texnologiyalarının tətbiqi əsas yer tutur. Eyni zamanda sahil infrastrukturunun yeni hidroloji reallıqlara uyğunlaşdırılması da vacibdir.
Hazırda müəyyən addımlar atılsa da, ekspertlər bu tədbirlərin problemin miqyasına tam cavab vermədiyini qeyd edirlər. Buna görə də daha koordinasiyalı və sistemli yanaşmaya ehtiyac qalmaqdadır.
Milli Məclisin deputatı Rövşən Muradov bu barədə Crossmedia.az-a danışıb:

“Müasir beynəlxalq münasibətlər sistemində ekoloji böhranlar artıq yalnız təbii proses kimi deyil, dövlətlərin iqtisadi dayanıqlığını, regional təhlükəsizlik arxitekturasını və strateji mövqeyini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin Xəzər dənizinin səviyyəsinin son 200 ilin minimumuna yaxınlaşması ilə bağlı fikri təkcə ekoloji vəziyyətin təsviri deyil, həm də Xəzər hövzəsində formalaşan iqtisadi, nəqliyyat və təhlükəsizlik çağırışlarına verilən strateji siyasi qiymətdir. Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün onun səviyyəsi əsasən çaylardan daxil olan su axını, yağıntılar və buxarlanma arasındakı təbii balansla tənzimlənir. Son illərdə qlobal iqlim dəyişmələri nəticəsində temperaturun artması, buxarlanmanın güclənməsi və çay axınlarının azalması bu balansı pozaraq dəniz səviyyəsinin enməsinə səbəb olur. Xüsusilə Volqa çayı da daxil olmaqla əsas su mənbələrində müşahidə edilən azalmalar Xəzərin hidroloji sisteminə ciddi təsir göstərir. Bu proses Azərbaycan üçün həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Xəzər ölkəmiz üçün yalnız təbii su hövzəsi deyil, həm də enerji resurslarının daşınması, beynəlxalq ticarət əlaqələri və Orta Dəhliz kimi strateji nəqliyyat marşrutlarının əsas komponentidir. Su səviyyəsinin azalması liman infrastrukturunun fəaliyyətinə, gəmiçilik marşrutlarının sabitliyinə və logistika xərclərinə birbaşa təsir göstərir. Bu isə iqtisadi səmərəliliyin azalması və əlavə investisiya ehtiyaclarının yaranması ilə nəticələnir”.
Deputat əlavə edib ki, eyni zamanda, Xəzərin səviyyəsindəki dəyişikliklər sahilyanı iqtisadi sahələrə də təsir edir: “Balıqçılıq, turizm, sahil infrastrukturu və ekosistemə bağlı fəaliyyət sahələri su səviyyəsinin enməsindən zərər görür. Biomüxtəlifliyin azalması, xüsusilə nərə balığı və digər həssas növlərin yaşayış mühitinin daralması həm ekoloji, həm də iqtisadi itkilərə səbəb olur. Məsələnin həlli üçün regional əməkdaşlıq mühüm rol oynayır. Xəzəryanı dövlətlər su ehtiyatlarının idarə olunması, çay axınlarının tənzimlənməsi, çirklənmənin qarşısının alınması və ekoloji balansın qorunması istiqamətində koordinasiyalı fəaliyyət göstərməlidirlər. Bu baxımdan vahid elmi monitorinq sisteminin yaradılması və məlumat mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, adaptasiya siyasəti də vacibdir. Dəniz səviyyəsindəki dəyişikliklər nəzərə alınaraq liman infrastrukturunun modernləşdirilməsi, gəmiçilik sistemlərinin yenilənməsi və sahil zonalarının planlaşdırılmasının yeni reallıqlara uyğunlaşdırılması zəruridir. Bu yanaşma problemi təkcə risk kimi deyil, həm də uzunmüddətli strateji planlaşdırma imkanı kimi dəyərləndirməyə imkan verir. Nəticə etibarilə, Xəzər dənizinin səviyyəsinin azalması yalnız ekoloji deyil, eyni zamanda iqtisadi və geostrateji xarakterli kompleks problemdir. Onun həlli regional əməkdaşlıq, elmi əsaslı idarəetmə və uzunmüddətli iqtisadi adaptasiya siyasəti tələb edir. Azərbaycan üçün isə Xəzərin qorunması həm ekoloji məsuliyyət, həm də milli iqtisadi təhlükəsizliyin mühüm tərkib hissəsidir”.
Ekoloq Qorxmaz İbrahimli də məsələyə münanasibət bildirib: “Hazırda Xəzər dənizi özünün tarixi minimum səviyyəsinə yaxınlaşmaqdadır. Bu proses əsasən son 200 ildə, xüsusilə də ötən 100 il ərzində daha aydın şəkildə müşahidə olunur. Çünki XIX əsrdə bir çox proseslər tam şəkildə qeydə alınmadığından, bu dövrə dair məlumatlar məhduddur. Lakin Xəzərlə bağlı, Bakı ilə bağlı bir çox məlumatlar mövcud olduğuna görə elm adamları, tarixçilər, coğrafiyaçılar və digər mütəxəssislər bu dəyişiklikləri daha rahat şəkildə izləyə və qeydə ala bilirlər. Yəni, Xəzər dənizi son 200 ilin ən aşağı səviyyələrinə yaxınlaşmış vəziyyətdədir. Bu proses bir faciə kimi qiymətləndirilməsə də, vəziyyət ondan ibarətdir ki, Xəzər dənizinin səviyyəsinin getdikcə azalması bütün ekosistemlərə təsir göstərir. İstər dəniz ekosisteminə, istərsə də sahil ekosisteminə bu dəyişikliklər ciddi şəkildə təsir edir. Yəni, bu proses hər sahəyə öz təsirini göstərir”.

Ekoloq əlavə edib ki, bunun yavaşladılması və dayandırılması üçün mümkün olan bütün tədbirlərin görülməsi vacibdir: “Lakin bu prosesin tam dayandırılıb-dayandırılmayacağı məsələsi sual altındadır. Çünki Xəzər milyon illərdir mövcud olan bir təbii sistemdir. Təxminən 70 milyon ildən artıqdır ki, formalaşmışdır və tarix boyu onun səviyyəsində dəyişikliklər baş vermişdir. Bəzi elmi yanaşmalara görə, Xəzər qədim Tetis okeanının qalığıdır. Buna görə də onun xarakterində okean xüsusiyyətləri mövcuddur. Xəzərin dibində aparılan tədqiqatlar da bunu göstərir. Hazırda Xəzərin səviyyəsinin enməsi müəyyən qədər yavaşlamışdır. Hətta bəzi dövrlərdə Xəzərin səviyyəsində cüzi yüksəlmələr də müşahidə olunur, lakin bu məsələnin elmi izahı hələ tam şəkildə təsdiqlənməmişdir. Əsas səbəblərdən biri kimi iqlim dəyişiklikləri göstərilir. İqlim dəyişiklikləri birbaşa olaraq Xəzər dənizinə təsir göstərir. Havanın istiləşməsi buxarlanmanı artırır. Buxarlanma ilə yanaşı, yağıntılar da baş verir, lakin əsas problem su gətirən çayların suyunun azalmasıdır. Yəni, əsas su mənbəyi olan çayların axınında azalma müşahidə olunur. Bunun səbəblərindən biri həmin çay sularının müxtəlif məqsədlərlə — xüsusilə kənd təsərrüfatı və suvarma üçün geniş şəkildə istifadə olunmasıdır. Məsələn, Kür çayı həm Türkiyə ərazisində, həm də digər regionlarda kənd təsərrüfatı məqsədləri üçün intensiv şəkildə istifadə olunur. Biz də aşağı axarlarda Kür çayından öz ehtiyaclarımız üçün istifadə edirik. Kür çayı Xəzərə su gətirən əsas, ikinci və ya üçüncü böyük su daşıyıcı çaylardan biridir. Onun suyunun azalması artıq açıq şəkildə müşahidə olunur. Bu vəziyyətin qarşısının alınması üçün beş Xəzəryanı dövlətin birgə qərar qəbul etməsi vacibdir. Bu məsələ yalnız regional əməkdaşlıq çərçivəsində həll oluna bilər. Eyni zamanda Xəzər dənizi beynəlxalq diqqət mərkəzində olmalı, beynəlxalq təşkilatların gündəmində yer almalıdır. Hesab edirəm ki, Avropa İttifaqının da bu məsələyə marağı olmalıdır. Çünki Xəzər dənizi yalnız ekoloji deyil, həm də logistik baxımdan mühüm əhəmiyyət daşıyır. O, Çinlə Qərb arasında uzanan İpək yolunun vacib hissələrindən biridir. Buna görə də Xəzərin səviyyəsinin qorunması strateji əhəmiyyət kəsb edir”.
Q.İbrahimli əlavə edib ki, bu istiqamətdə görülə biləcək tədbirlərdən biri Xəzər sahillərində qumlu və şoranlaşmaya meyilli ərazilərdə davamlı bitki örtüyünün salınması və ekosistemin qorunmasıdır: “Bu ərazilərdə mineralların və zərərli maddələrin insan sağlamlığına təsirinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Digər mühüm məsələ su gətirən çayların qorunmasıdır. Dediyim kimi, Xəzərə su verən əsas çayların vəziyyəti beş Xəzəryanı dövlətin koordinasiyalı fəaliyyəti ilə tənzimlənməlidir. Bu dövlətlər əsasən Rusiya, Azərbaycan, İran və Qazaxıstandır. Türkmənistanın isə birbaşa böyük su daşıyıcı çayları olmadığı üçün bu baxımdan fərqli mövqedədir. Bu səbəbdən də diqqətli yanaşma tələb olunur. Xəzərin ətrafında mövcud olan ekoloji balansın qorunması vacibdir. Bizim ərazidə, həm cənub, həm də şimal bölgələrində mövcud olan meşə sahələri qorunmalıdır. Çünki bu meşələr mikroiqlimin formalaşmasında mühüm rol oynayır və Xəzərin ekoloji tarazlığına təsir göstərir. Əlavə olaraq, Xəzərin çirklənmədən qorunması da əsas prioritetlərdən biri olmalıdır. Təəssüf ki, bu istiqamətdə hələ də ciddi problemlər mövcuddur və onların aradan qaldırılması üçün sistemli tədbirlər görülməlidir”.
Ayhan
18:20 06.06.2026
Oxunuş sayı: 65