Sürücülərin diqqətinə - benzin bahalaşacaq
Qlobal dizel bazarında yaranan sıxlığın 2027-ci ilə qədər davam edə biləcəyi bildirilir. İran və Ukraynadakı müharibələr neft emalı və yanacaq tədarükünə ciddi təsir göstərib, bir sıra ölkələrdə dizel ehtiyatları isə tarixi minimumlara yaxınlaşıb. Beynəlxalq Enerji Agentliyi də dizel və digər orta distillat məhsulları üzrə bazarda təzyiqin artdığını qeyd edir.
Qlobal bazardakı bu vəziyyət Azərbaycanın daxili yanacaq bazarına mümkün təsirləri də gündəmə gətirir. Azərbaycanda dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hökumət 2026-cı ilin mayından 2027-ci ilin martınadək idxal olunan dizel və Aİ-92 benzini üzrə aksiz və gömrük rüsumlarına güzəştlər tətbiq edib. Bu fonda əsas sual qlobal dizel qıtlığının Azərbaycanda yanacaq qiymətlərinə təzyiq yaradıb-yaratmayacağıdır.
Crossmedia.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Rusiyanın neft emalı zavodlarına zərbələrin regionda neft məhsullarının təklifinə və Azərbaycanda yanacaq qiymətlərinə mümkün təsirlərini dəyərləndirib.

O bildirib ki, Rusiyada neft emalı zavodlarının fəaliyyətində yaranan problemlər ölkə daxilində neft məhsullarının təklifinin azalmasına səbəb ola bilər: “Bu zərbələr əsas Rusiyanın neft emalı zavodlarının fəaliyyətinə təsir göstərir. Rusiya artıq öz daxilində neft məhsullarının çatışmazlığını hiss edir. Mətbuatdan da görürük, növbələr yaranır yanacaqdoldurma stansiyaları qarşısında”.
İqtisadçı Azərbaycanın da neft məhsulları idxal etdiyini qeyd edib: “Azərbaycan Rusiyadan neft məhsulları alır. Təəssüf ki, Azərbaycan neft ölkəsi olsa da, hələ də neft məhsullarını xaricdən alır.”. O bildirib ki, Azərbaycan 2025-ci ilin yeddi ayında Azərbaycanın 732 milyon dollar, 2026-cı ilin eyni dövründə isə 400 milyon dollar dəyərində neft məhsulları idxal edib”.
Xalid Kərimli dünya bazarında neft qiymətlərinin artmasına təsir edən digər amillərin də olduğunu bildirib: “Neft qiymətləri təkcə bu səbəbdən yox, Hörmüz boğazı ətrafında baş verən hadisələrdən, xüsusən də son bir həftədə Səudiyyə Ərəbistanının Şərq-Qərb nəqliyyat boru xəttində fəaliyyətin dayanmasından ciddi şəkildə təsirlənir. Husilərin ora zərbələri də qiymətləri artırır”.
Onun sözlərinə görə, hazırkı vəziyyətin Azərbaycanda yanacaq qıtlığına səbəb olacağı gözlənilmir. A-92 markalı benzin və dizel yanacağının qiymətlərinin dövlət tərəfindən tənzimləndiyini deyən iqtisadçı qiymətlərin dünya bazarındakı dəyişikliklərə dərhal uyğunlaşdırılmadığını vurğulayıb: “Hesab eləmirəm ki, bu, indiki məqamda bu qiymətlərə dərhal təsir göstərəcək. Xüsusən benzin və dizel ümumiyyətlə gözləmirəm. A-92 markalı benzin və dizel bu cür məsələlərlə birbaşa əlaqələndirilmir”.
İqtisadçı əlavə edib ki, dünya bazarında yanacağın bahalaşması Azərbaycanda daha çox idxal olunan məhsulların qiymətlərinə təsir göstərə bilər: “Bu, təkcə yanacaq doldurma məntəqəsində benzinin qiymətləri deyil, həm də idxala təsir göstərir. İdxal qiymətləri artır. Neftin, benzinin, qazın qiymətinin qalxmasını biz birinci növbədə piştaxtalarda, ərzaq mağazalarında, alınan məhsulların bahalaşmasında hiss eləyirik”.
Nigar Xəlilli
19:45 21.09.2026
Oxunuş sayı: 49