Zelenski hakimiyyətdə olduqca Ukrayna münaqişəsi dayandırılmayacaq
Ukrayna və Rusiya arasında danışıqların bərpası istiqamətində diplomatik təmaslar intensivləşir. Ukrayna tərəfi oktyabrda ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsinə hazırlaşdığını açıqlayıb. Kiyev və Moskva danışıqların yenidən başlamasına açıq olduqlarını bildirsələr də, görüşün konkret tarixi və formatı hələ tam razılaşdırılmayıb. Ukrayna kəşfiyyatının rəhbəri Rustem Umerov isə ABŞ-lə aparılan son müzakirələrdə ciddi irəliləyiş əldə edildiyini və fikir ayrılıqlarının əsas məsələlərə qədər azaldığını bildirib. Bununla yanaşı, ərazi məsələsi və gələcək təhlükəsizlik təminatları danışıqların ən həssas mövzuları olaraq qalır. Bu baxımdan oktyabr görüşündə tərəflərin, xüsusilə Ukraynanın irəli sürdüyü şərtlərin hansı formada müzakirə olunacağı diqqət çəkir.
Crossmedia.az-a açıqlamasında politoloq Azad Məsiyev Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıqların nəticə verməsi üçün tərəflərin əsas məsələlər üzrə razılığa gəlməsinin vacib olduğunu bildirib.
Politoloq münaqişənin yaranma səbəbləri ilə bağlı bir sıra iddialar səsləndirib: “Rusiya-Ukrayna münaqişəsi təsadüfən yaradılmayıb. Ukrayna münaqişəsi Amerika Birləşmiş Ştatlarının strateji planının tərkib hissəsidir. Başda Amerika Birləşmiş Ştatları olmaqla NATO bloku Rusiyanı düşmən elan edib. Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək və hərbi gücünü zəiflətmək üçün bu ssenari hazırlandı”.

O, həmçinin Ukrayna hakimiyyətinin münaqişənin həllində rolundan danışıb: “Zelenski Ukrayna xalqının, Ukrayna dövlətinin maraqlarına deyil, Qərbin maraqlarına xidmət edir. Ukraynanın rəsmiləri, başda Zelenski olmaqla, bu münaqişəni dayandırmaq iqtidarında deyillər. Çünki onlar bir alətdir, bir vasitədir və əsas bunların arxasında duran qüvvələr var. Bu, Amerika Birləşmiş Ştatlarıdır, Böyük Britaniyadır, Avropadır”.
Azad Məsiyev danışıqların hazırkı mərhələsini də qiymətləndirib: “Aparılan bütün danışıqlar görüntü xarakterlidir. Sadəcə Ukraynaya bir "time-out" götürüb əlini gücləndirmək istəyirlər. Rusiyanın şərtləri qəbul edilməyincə, münaqişənin dayandırılması real deyil”. O, Rusiyanın münaqişədə üstün mövqedə olduğunu da iddia edib və bunu nəzarət etdiyi ərazilərlə əlaqələndirib.
Politoloq ABŞ və Avropa münasibətləri ilə bağlı son prosesləri də bu kontekstdə dəyərləndirib. Qeyd edim ki, 16 sentyabr 2026-cı ildə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Kanadanın Aİ-nin ilk “assosiativ üzvü” olması ideyasını irəli sürüb. Donald Tramp isə belə bir addımın ABŞ üçün “düşmənçilik aktı” sayıla biləcəyini deyərək Avropaya qarşı əlavə tariflər tətbiq edilə biləcəyini bildirib. Bu status hazırda Aİ müqavilələrində mövcud deyil.
A.Məsiyev hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin köklü həlli hazırda real görünmür: “Nə qədər ki, Zelenski hakimiyyətdədir, bu münaqişənin dayandırılması real deyil. Bu gün Ukrayna xalqının və Ukrayna dövlətinin maraqlarından çıxış edən yeni bir siyasi hakimiyyətə ehtiyac var. Rusiyanın şərtləri qəbul edilməyincə, birmənalı şəkildə münaqişənin dayandırılması real deyil”.
Nigar Xəlilli
20:30 21.09.2026
Oxunuş sayı: 45